Azərbaycanın ən istedadlı gəncləri mükafatlandırıldı

GƏNCLİK
06:13 03.02.2011
2071


AZXEBER.COM AzərTAca istinadən xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə 2010-cu ildə beynəlxalq və yerli müsabiqələrdə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda fərqlənənlərə “Gənclər mükafatı” təqdim olunub.. 

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov demişdir ki, gənclər sahəsində görülən tədbirlərin həm kəmiyyəti, həm də keyfiyyəti ilbəil artmaqdadır. Ümumiyyətlə, gənclərin Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsinə ötən ildə də xüsusi diqqət yetirilmişdir. Nazir Azərbaycan dövlətinin ölkəmizin sabahını düşündüyünə görə bu gün gənclərə qayğı göstərdiyini söyləyərək, 2011-cu ildə bu sahədə daha çox layihələrin həyata keçiriləcəyinə və yeni istedadların aşkar olunacağına əminliyini bildirib..

 

Konsertlə müşayiət olunan mərasimdə 22 istedadlı gənc mükafatlandırılmışdır. Mükafatları gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov və təhsil nazirinin müavini Elmar Qasımov təqdim edib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və idmançılar iştirak edib. 

Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan “Gənclər mükafatı” hər il 2 fevral - Gənclər Günü münasibətilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, habelə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmiş yaradıcı gənclərə verilir.
.

OXŞAR XƏBƏRLƏR