Azərbaycanda şagirdlər tətildə necə pul qazana bilər?

GƏNCLİK
17:27 25.05.2011
2116

Yaxın günlərdə bütün məktəblərlilər yay tətilinə çıxır. Minlərlə məktəblini qarşıda 3 ay, yəni 92 gün gözləyir. Bəs bu qədər vaxt ərzində yeniyetmələr nə ilə məşğul olacaq?

Hamı yaxşı bilir ki, əvvəllər sovet dövründə heç bir şagird yay tətilində vaxtını boş keçirmirdi. Həmin dövrdə şagirdlər üçün yay tətili müddətində onların müəyyən həcmdə qazanc əldə etməsi üçün “Şagird İstehsalat Briqadası” adlı müxtəlif düşərgələr təşkil olunardı. Bu briqadaların sayəsində şagirdlər müəyyən əmək qabiliyyətinə, müxtəlif əmək vərdişlərinə yiyələnir və eyni zamanda əmək haqqı alırdılar. Təəssüf ki, indi müasir və zəngin Azərbaycanda belə briqadalar, düşərgələr yox dərəcəsindədir.

Bütün dünyada, MDB dövlətlərində, hətta bizə yaxın olan Türkiyə, Rusiya, İran, Gürcüstanda nəinki tələbələr, eləcə də şagirdlər üçün təkcə yay mövsümündə deyil, ilin bütün fəsillərində şagirdlərin maraq dairəsindən asılı olaraq düşərgələr təşkil edilir. Şagirdlər həmin düşərgələrdə kompüter biliklərindən tutmuş müxtəlif cür aksiyalarda, məsələn, ölkənin müxtəlif bölgələrinin təqdimatı, azyaşlı uşaqların istirahətinin təşkili, müxtəlif yaradıcı oyunların təşkil edilməsi, köməyə ehtiyacı olan şəxslər, eləcə də əlliyi olan insanlarla bağlı təşkil edilən proqramlarda iştirak edirlər. Həmin layihələrin təşkilatçılarının böyük əksəriyyəti şagirdlərləri kompüter, internet, yaşayış yeri, qida və bir çox hallarda nəqliyyata çəkiləcək xərclərlə də təmin edirlər. Hətta Avropanın bir sıra ölkələri sırf keçmiş sovet respublikalarının şagirdləri üçün xüsusi layihələr təşkil edirlər. Burada uşaqlar işləyib əmək haqqı almaqla yanaşı, həm də dil bilikləri, ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmağı öyrənirlər.

Bəzi ölkələrdə isə belə yeniyetmələr yüngül işlərdə məzuniyyətə çıxan işçiləri əvəz edir. Məsələn, poçt işçisi, məktub paylayan, kitabxanada kitab oaylayan və s.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, yay tətilində şagirdlərin istirahətini təşkil etmək üçün bütün hallarda bu cür düşərgələrin yaradılmasına ehtiyac var: “Bu işlə bağlı birmənalı şəkildə yalnız bir qurum deyil, bir neçə qurum məşğul olmalıdır. Yəni şagirdlərin yay mövsümündə işinin təşkili ilə bağlı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İdman və Gənclər Nazirliyi məşğul olmalıdır. Ona görə də işin təşkili olduqca vacibdir, çünki söhbət təkcə yay mövsümündə şagirdlərin yay tətilini daha səmərəli keçirməsindən gedir. Bu baxımdan sovet dövründə olduğu kimi bu işin tətbiqinə ehtiyac var”.

Vüqar Bayramov əsasən 9, 10,11-ci sinif şagirdlərinin yay mövsümündə işinin təşkili ilə bağlı məsələyə gəldikdə isə təklif etdi ki, uşaqlar müxtəlif peşə sənətlərinə cəlb edilə bilərlər. İqtisadçı ekspert bu məsələdə 2011-ci ilin “Turizm ili” olmasının xüsusi önəm daşıdığını vurğuladı: “Məsələn, şagirdlər turizm, turizm işinin təşkil edilməsi ilə bağlı regionlarda, bölgələrdə fəaliyyət göstərən obyektlərdə işlə təmin oluna bilərlər. Burada söhbət təkcə kənd təsərrüfatı mallarının yığılması və iştirakından getmir. Nəzərə alsaq ki, Azərbaycanda bu il “Turzim ili” elan olunub, ona görə bu ildən başlayaraq və növbəti illərdə də xüsusən Azərbaycanda prioritet hesab edilən yerlərdə həmin gənclərin müvvəqəti olaraq işləməsini təmin etmək olar. Çünki turizmdə elə sektorlar var ki, diqqəti daha çox cəlb edir. Bundan başqa Azərbaycanda turizm daha çox yay mövsümündə inkişaf edib. Ona görə də məncə şagirdlərin işlə təmin olunması məsələsində turizm ən uyğun sahə hesab edilir”.

Məsələyə sosioloji tərəfdən yanaşmağa çalışdıq. Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Elmləri və Sosiologiya İnstutunun aparıcı elmi işçisi, aktual sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı da  açıqlamasında bunun hazırda olduqca mühüm problemlərdən biri olduğunu etiraf etdi.

Sosioloq hesab edir ki, son dövrlədə gənclər əməyə, zəhmətə alışmaqda problemlərlə üzləşirlər. Əbülfəz Süleymanlı dediklərini əsaslandırmağa çalışarkən bildirdi ki, bu məsələnin problematik bir tərəfi valideynlərin öz övladlarını əziyyətsiz bir şəraitdə böyütməyə çalışmalarıdır: “Bu da istər-istəməz yeniyetmələrin sonrakı həyatlarında fəsadlara gətirib çıxarır. Bu baxımdan əvvəllər özünü sübut edən praktikadan istifadə etmək olar. Mən ənənəvi praktikanı nəzərdə tuturam. O dövrlərdə xüsusilə yay müddətində valideynlər uşaqları hansısa bir ustanın yanına göndərirdi. Məsələn, qızlar dərzi yanına gedərək tikiş vərdişlərini öyrənirdilər və ya ev işləri, təsərrüfat işləri ilə məşğul olurdular. Bu cür fəaliyyət eyni zamanda onların təhsildən yayınmasına da imkan verməyəcək. Yəni həm təhsil alacaqlar, həm də müəyyən vərdişlərə yiyələnəcək, zəhmətə qatlaşacaqlar”.

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru bu məsələnin həlli ilə bağlı bizi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və digər aidiyyatı qurumlara müraciət etməyimizi məsləhət bildi: “Həmin qurumlar bu istiqamətdə öz fəaliyyətlərini genişləndirməlidirlər”.

Gənclər və İdman Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə  açıqlamasında ümumiyyətlə şagirdlərin işi ilə məşğul olmadıqlarını bildirdi: “Biz əsasən gənclər, tələbələrlə məşğul oluruq. Biz gənclər üçün hər dəfə yeni layihələr həyata keçiririk. Məndə olan məlumata görə, bu il Gəncədə Türk Gənclər Təşkilatları ilə birgə düşərgələr olacaq. Bundan başqa, bir qrup gənc Türkiyəyə istirahətə yollanacaq. Bu səfər tanışlıq xarakteri, əlaqələrin qurulması baxımından əhəmiyyət daşıyır. Hələlik məndə olan məlumat bu qədərdir. Ötən il yeniyetmələr üçün xüsusi layihələr var idi, Bilgəhdə həyata keçirilmişdi. İndi hələ ki, may ayı olduğundan nə isə demək çətindir, çünki düşərglər əsasən iyun, iyul, avqust aylarında başlayır”.

Səmayə xanım yeniyetmələrin işi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraicət etməyimizi tövsiyə etdi. Komitə əməkdaşı isə öz növbəsində belə layihələrinin olmadığını və ümumiyyətlə bu məsələ ilə bağlı ilk dəfə olaraq rastlaşdıqlarını etiraf etdi. Komitədən hər hansı bir təkliflərin və ya ideaylarının olmadığı bildirildi.

Sonuncu ümid yerimiz Təhsil Nazirliyi qalırdı. Çünki məsələ ilə bağlı heç kim sualımızı cavablandıra bilmədi. Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov da digər həmkarları ilə yekdillik göstərdi: “Təhsil Nazirliyi bu işlə məğul olmur. Çünki Təhsil Nazirliyinin ümumiyyətlə düşərgəsi yoxdur. Bu, əvvəllər də belə olub. Bu işlə şəhər və rayon icra hakimiyyətləri məşğul olmalıdırlar. Onlar müəyyən iş adamları ilə razılaşıb məktəblərdə yay məktəbləri təşkil edə bilərlər. Əvvəllər müxtəlif idarələr, müəssisələr, zavodlar, şirkətlərin düşərgələri var idi. İndi isə onların heç biri yoxdur, çünki hamısında indi qaçqınlar və məcburi köçkünlər məskunlaşıblar”.

Hazırda ancaq Daxili İşlər Nazirliyinin Çingiz Musatafaev adına düşərgəsi olduğunu xatırladan Ağababa İbrahimov həmin düşərgənin də onlara aid olmadığnı dedi. Şöbə müdiri məsələnin həlli kimi bildirdi ki, ümmumiyyətlə düşərgələrin işi ilə Həmkarlar Konfederasiyası məşğul olmalıdır.

“Əvvəllər də belə olub. Məktəblərdə olanları da icra hakimiyyətləri maliyyələşdirib. Sadəcə olaraq düşərgə şəbəkəsi fəaliyyət göstərəndə onlarla müəyyən uşaq ixtisasları, müəyyən uşaq birliyinin rəhbərləri, tərbiyə işlərinin direktor müavinləri, idman müəllimləri, eləcə də bizim turizm sahələrində işləyən mütəxəssislər düşərgə işinin təşkilində kömək edirdilər. Onlar o düşərglərdə həm qalırdılar və eyni zamanda əmək haqqı alırdılar. Yəni biz bu cür köməklik etmişik, indi də biz kömək etməyə hazırıq. Təşkil edilən yay məktəbləri əsasən, təhsil şöbəsinin rəhbərliyi altında məktəblərin uşaq birliyi rəhbərliyi, əmək müəllimi, musiqi müəllimi, fiziki tərbiyə müəllimi və s. cəlb etməklə işi elə qururlar ki, onlar məzuniyyətdə olmadığı dövrlərdə həmin uşaqlarla işləyə bilmək imkanına malik olurlar. Amma onların hamısında da şagirdlərə yemək verilmir. Yay məktəblərində uşaqlar məktəbə səhər gəlir, axşam isə gedir. Yəni həmin məktəblər düşərgə formasında yaradılmır”,- deyə Ağababa İbrahimov bildirib.

Lakin Təhsil Nazirliyinin əməkdaşı olduqca ümidli danışdı. A. İbrahimov iş adamlarının yeniyetmələr üçün belə yerlər təşkil edə biləcəyinə inandığını söylədi: “Gənclərin çoxlu forumları olur, həddən artıq idman yarışları keçirilir, toplantılar, təhsil dövrünün düşərgələri keçirilir, olimpiadalar təşkil edilir. Düşərgə dedikdə təkcə yay vaxtının istirahəti nəzərdə tutulmamalıdır. O bir mərkəz rolunu oynamalıdır”.

Qeyd edək ki, yazını yazarkən bu gün Nazirlər Kabinetinin Azərbaycanda tətil günlərində gəlir əldə etmək istəyən gənclərin haqqı ödənilən işlərə cəlb edilməsi barədə qərar verdiyini öyrəndik. Proqramın tədbirlər planında bildirilir ki, tətil günlərində gəlir əldə etmək istəyən gənclər haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılacaq və bu işlər təşkil ediləcək. Bu məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliklərinə həvalə olunub.

ƏƏSMN-in məşğulluq xidmətinin rəis müavini Şahbaz Xələfovun  verdiyi məlumata görə, söhbət 15 yaşından yuxarı gənclərin işləməsindən gedir: “Bunlar əsasən ali və ya texniki peşə məktəblərinin tələbələri, eləcə də orta məktəbin yuxarı sinif şagirdləri ola bilər. Bu işlərə restoranlarda ofisiant, çimərliklərdə gözətçi, daşıma və çatdırılma işləri (kuryer) və s. aiddir”.

Tədbirlər planında nəzərdə tutulan digər maraqlı tədbirlərdən biri valideyn himayəsindən məhrum olmuş və yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan şəxslərin sosial müdafiəsi və məşğulluğu ilə bağlıdır. Plana əsasən, həmin şəxslərin ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu işlə Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları məşğul olmalıdır.

Təkliflər var idi, artıq Nazirlər Kabineti səviyyəsində qərar da təsdiqləndi. Bizə isə səbr edib, gözləmək qalır.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR