Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə ittiham olunublar İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Şöhrət Quliyevin göstərişi ilə Gəncə şəhəri sakini Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib. Aparılan istintaqla cinayətkar dəstənin başqa cinayətləri də müəyyən olunub.