Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhərinin ətraf qəsəbə və kəndlərinin, həmçinin regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarının vaxtında və yüksək keyfiyyətlə icrası məqsədilə “Azərsu” ASC-də yeni departament və şöbələr yaradılıb.
Belə ki, ASC-nin idarəetmə aparatında 4 yeni departament - tikinti, kommersiya-təchizat, su mənbələrinin işlənmə və magistral su kəmərləri departamenti, starateji inkişaf, beynəlxaq layihələrin təminatı, daxili audit, keyfiyyətə nəzarət, elm və texnika şöbələri daxil olmaqla yeni struktur bölmələri formalaşdırılıb.
İdarətemənin təkmilləşdirilməsi məqsədilə ASC sədrinin əmri ilə aprelin 1-dən Bakı Su Kəməri İstismar İdarəsi, Bakı Kanalizasiya Xidməti və Suölçəmə cihazlarının istismar təsərrüfatı və su satış müəssisəsi ləğv edilərək yeni Bakı Su-Kanal İdarəsi yaradılıb. İslahatlar çərçivəsində 3 müəssisəsi ləğv ediləcək vahid qurumun təşkili iş yeri sayının azalmasına və işçilərin ixtisarına gətirib çıxarmayacaq.