Dünən Bakının 4-cü mikrorayonu ərazisində yerləşən “Qızıl tac” restoranında “Azadlıq” qəzetinin 22 illik yubiley törəni keçirilməli idi. Tədbirə ölkənin ictimai-siyasi xadimləri, QHT rəhbərləri, media kapitanları dəvət edilmişdi. Lakin restoran sahiblərinin əcaib və biabırçı davranışları səbəbindən qəzetin yubiley tədbiri nəzərdə tutulan ssenari ilə deyil, ekstremal şəraitdə və qaranlıqda baş tutub.
Tədbirdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun verdiyi məlumata görə, ilk dəqiqələrdə hər şey normal olub. Lakin elə ki, müxalifətin tanınmış simaları restorana gəlməyə başlayıblar, hər şey qəfildən dəyişib. Restoran sahibləri israr ediblər ki, tədbir dərhal dayandırılsın və qonaqlar zalı tərk etsinlər. Təşkilatçılar isə bu tələbi rədd edərək, əvvəlcədən razılaşdırmanın olması və pulun da bir qisminin ödənməsi səbəbindən mərasimin davam etdiriləcəyini bildiriblər.
Saat 17 radələrində restoranın işıqları kəsilib. Elə həmin andan da zaldakı ofisiantlar xidməti dayandırıblar. Belə olan halda qəzet rəhbərliyi ekstremal şəraitdə mərasimi açıq elan ediblər və nəticədə maraqlı bir yubiley tədbiri alınıb.
Sonda tədbir qaranlıq zalda keçirilib və qonaqlar çıxışlar ediblər. Restoranın sahibi sonda qəzet rəhbərliyindən və qonaqlardan üzr istəyib.
//Yeni Musavat