Ötən həftə özünün İdarə Heyətini formalaşdıran və ilk toplantıda aparıcı media qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsini qərarlaşdıran Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət artıq sentyabrın 6-da ilk görüşünü keçirib. “Yeni Azərbaycan” qəzetinin redaksiyasını ziyarət edən CASCFEN sədri burada baş redaktor Hikmət Babaoğlu ilə görüşüb. Geniş müzakirənin yer aldığı görüşdə tərəflər Azərbaycan mediasında jurnalist etikası məsələləri, dövlətçilik və beynəlxalq səviyyədə Azərbaycanın imicinin yüksəldilməsi üçün media təmsilçilərinin görməli olduğu işlər, Azərbaycan jurnalistlərinin Orta Asiyadan olan həmkarları ilə əlaqələrinin gücləndirilməsi məsələləri haqda fikir mübadiləsi aparıblar.
CASCFEN Mətbuat Xidmətindən AZXCEBER.COM-a verilən məlumata görə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, “bu gün dövlətin mediaya hərtərəfli qayğısı, əslində, jurnalistlərin üzərinə böyük vəzifələr qoyur. Biz əlimizdən gələni etməliyik ki, Azərbaycan dövlətinin imici mütləq şəkildə qorunsun”. O, qeyd edib ki, rəhbərlik etdiyi qəzet günü-gündən bu istiqamətdə daha ciddi işlər görmək üçün çalışır.
CASCFEN sədri Azər Həsrət isə bildirib ki, ölkədə fəaliyyət göstərən bütün media qurumları ilə işbirliyində maraqlıdırlar: “Bis siyasi mənsubiyyəti və yönündən asılı olmayaraq bütün media qurumları ilə yaxşı münasibətlərin qurulmasında maraqlıyıq. İstər iqtidar, istərsə də müxalifət və ya müstəqil media olsun, biz heç kimlə normal münasibətlərdən, medianın, jurnalistlərin ümumi faydasına olan işbirliyindən qaçan deyilik. Və arzu edirik ki, bütün media qurumları bizim belə mövqeyimizi anlayışla qarsalasınlar”.
Xoş ovqatda keçən görüşün sonunda tərəflər gələcəkdə də bu cür təmasların davam etdirilməsini vacib saydıqlarını dilə gətiriblər.
Onu da əlavə edək ki, elə həmin gün Azər Həsrətin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə də görüşü keçirilməli idi. Lakin sonuncunun xaricdə olması səbəbindən bu görüş növbəti həftəyə təxirə salınıb.