Azerbaijans.com saytının 1 yaşı oldu

Azerbaijans.com saytının 1 yaşı oldu
MEDİA
14:56 03.12.2012
1582
Yeddi dildə fəaliyyət göstərən  www.azerbaijans.com saytının istifadəyə verilməsindən 1 il ötür. 68 bölmə və mindən çox link olan virtual ensiklopediya ötən il ərzində mütəmadi olaraq yenilənib və bu müddət ərzində sayta 400 yeni link, 200-ə yaxın fotoqalereya, ümumilikdə isə 5000-dən artıq fotogörüntü əlavə edilib.
 41 bölmədə isə 1500-ə yaxın video material toplanıb. Bu əlavələr saytın ayrı-ayrı bölmələrindəki informasiyaların ətraflı işaqlandırılmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Sayt qısa müddətdə  “İnternet – radio” istifadəyə verdi. İnternet istifadəçiləri bu radio vasitəsilə Azərbaycanın muğam, xalq, estrada, instrumental musiqilərini, aşıq havalarını, milli caz ifalarını, Avroviziya, türk və xarici estrada nümunələrini dinləmək imkanı əldə ediblər. Azərbaycan televiziyasının aparıcı və regional kanallarını izləmək üçün “İnternet – TV” bölməsi də saytın çoxsaylı istifadəçilərinin ixtiyarına verilib. Bundan əlavə, il ərzində kino həvəskarlarının klassik kino salnaməmizi çətinlik çəkmədən izləməsi üçün Azərbaycan internet məkanında ilk dəfə olaraq “Kino” bölməsinə 350-ə yaxın sənədli, tam və qısametrajlı film əlavə edilib. Azyaşlı istifadəçilərin internetdən faydalı və şüurlu şəkildə yararlanması məqsədilə sayt tərəfindən “Cizgi filmləri” bölməsinə 50-ə yaxın cizgi filmi yüklənib.
Bununla yanaşı internet məkanında ilk dəfə olaraq sayta 60 televiziya tamaşası və 320 “Mozalan” satirik kino jurnalı nümunələri əlavə edilib. Saytın “Rəssamlıq” bölməsində yeni “Rəsm qalereyası” linki hazırlanıb və linkə Azərbaycan rəssamlarının dünya incəsənətinin inciləri hesab edilən, ölkəmizdə, eləcə də xaricdə ən məşhur sərgi salonlarında nümayiş etdirilən  270 məşhur sənət əsərinin görüntüsü əlavə edilibr ki, bu da Azərbaycan internet məkanında ilk dəfə həyata keçirilib. İl ərzində azerbaijans com sayti 4 yeni layihə (garabagh.net; azerbaijanphoto.com; butalife.com; butacolor.net) həyata keçirib ki, bu layihələrin də hər biri məqsədinə, mövzusuna və texniki imkanlarına görə Azərbaycan internet məkanında özünəməxsus yer alıb.
www.garabagh.net saytı Azərbaycanın Qarabağ bölgəsi haqqında geniş informasiyaları özündə əks etdirən bir layihədir. 7 dildə fəaliyyət göstərən sayt bütövlükdə Qarabağ həqiqətlərini dünyanın hər yerinə çatdırmaq məqsədilə hazırlanıb. Azərbaycanda ilk foto sosial şəbəkə olan butacolor.net saytı isə foto rəsmlərin paylaşılması və mübadiləsi, fərdi səhifələrdə mövzular üzrə foto albomlar təşkil etmək və istifadəçilər arasında virtual ünsiyyət qurmaq imkanı yaradır.
azerbaijans.com saytının həyata keçirdiyi ən böyük layihələrindən biri də www.azerbaijanphoto.com saytıdır. Bu veb resurs Azərbaycanın ən böyük elektron foto arxivi hesab olunur və  Azərbaycanın ayrı-ayrı bölgələrini, əsrarəngiz təbiət lövhələrini hər bir azərbaycanlıya və dünyaya tanıtdırmaq üçün hazırlanıb. butalife.com ünvanlı beynəlxalq statuslu sosial şəbəkə saytı isə müasir informasiya cəmiyyətində sosiallaşmanı Azərbaycandan dünyaya istiqamətləndirmək məqsədi ilə hazırlanıb. Saytda informasiya təminatından sosiallaşmaya qədər hər şeyi təmin edə biləcək bütün imkanlar nəzərə alınıb. Saytın hazırlanmasının bir ili tamam olmamış, 2012-ci oktyabr ayında ayında  www.azerbaijans.com  saytının ideya müəllifi və qurucusu İlham Abduyev Avropa Biznes Assambleyasının Sokrat Komitəsi tərəfindən veb resursların inkişafı və həyata keçirilməsi üçün innovativ ideyalara görə “Ən yaxşı iş” diplomuna və “İlin meneceri” medalına layiq görülüb. Bununla da bu sayt Avropanın ən nüfuzlu brendini qazanıb.
OXŞAR XƏBƏRLƏR