Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub - FOTOLAR

Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub - FOTOLAR
SİYASƏT
08:03 22.10.2026
231
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Pensilvaniya ştatının Oyl Siti və Taytusvil şəhərlərində keçirilən Dreyk Forumunda iştirak edib.

AZXEBER.COM xəbər verir ki, forum çərçivəsində Oyl Siti şəhərində yerləşən tarixi "Milli Tranzit Binası”nda Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın "Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi” kitabının təqdimatı keçirilib. Tədbir zamanı, həmçinin şəhərin mədəniyyət icmasının nümayəndələri ilə görüş təşkil olunub.

Sonra "Milli Tranzit Binası”nın yaxınlığında yerləşən "Boru Kəməri Keçidi”ndə Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə qəbul keçirilib. Tədbir çərçivəsində qonaqlara Azərbaycan şərabları və milli şirniyyatları təqdim edilib.

Qəbuldan sonra "Milli Tranzit Binası”nın sərgi zalında Azərbaycanın Əməkdar rəssamı İrina Eldarovanın 2024-cü ildə Venesiya Biennalesində nümayiş etdirilmiş layihəsinin davamı olan "Neft və İkona” adlı sərgisinin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Dreyk Enerji Forumunun prezidenti Endryu Teybler çıxış ediblər.

Tədbir çərçivəsində, 28 May – Müstəqillik Günü münasibətilə Oyl Siti şəhərinin meri Con Klakın təqdim etdiyi bəyannaməyə cavab olaraq, səfir Xəzər İbrahim tərəfindən ABŞ-nin və Oyl Siti şəhərinin 250 illik yubileylərinə həsr olunmuş bəyannamə oxunub.

Dreyk Forumunun ikinci günü çərçivəsində Azərbaycanın ABŞ-dəki səfiri Pensilvaniya ştatının Taytusvil şəhərində yerləşən Dreyk Neft Quyusu Muzeyində keçirilən "Enerji, təhlükəsizlik və yeni qlobal iqtisadi coğrafiya” mövzusunda panel müzakirələrində çıxış edib.

Xəzər İbrahim çıxışında ölkəmizin mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi strateji enerji layihələri barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanın enerji siyasətinin resursların və təchizat marşrutlarının şaxələndirilməsi yolu ilə müstəqilliyin möhkəmləndirilməsinə, regional əməkdaşlığın və sabitliyin təşviqinə xidmət etdiyini vurğulayıb.

Panel müzakirələrindən sonra səfir tərəfindən Azərbaycan Respublikası adından Dreyk Muzeyində yerləşdirilməsi planlaşdırılan xatirə lövhəsinin layihəsi tədbir iştirakçılarına təqdim olunub. Xatirə lövhəsinin layihəsinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji enerji layihələrimizin açılış mərasimləri zamanı neftin əlləri ilə üzünə çəkilməsi ənənəsinə vurğu etdiyi qeyd olunub. Lövhə layihəsinin Azərbaycan və ABŞ-də neft sənayesində çalışan insanların əl əməyinə, hər iki ölkənin ortaq neft irsinə, eləcə də dünyanın hər yerində təhlükəsizlik, əməkdaşlıq və inkişafa həsr olunduğu bildirilib.
 










OXŞAR XƏBƏRLƏR