"Bu gün hər bir azərbaycanlı Heydər Əliyevə minnətdar olmalıdır. Hara ayağımızı qoyuruqsa, onun ruhuna dualar etməliyik”.
Bu sözləri xalq artisti Məleykə Əsədova AZXEBER.COM-a açıqlamasında söyləyib.
"Bu gün Azərbaycanın bütün uğurları bu insanın adı ilə bağlıdır. Azərbaycan ümumilikdə onun əsəridir. Onun bizə ən böyük hədiyyəsi elə Ali Baş Komandanımızdır. Başımızın üstündə belə bir insanın olmağı böyük şansdır. O, Heydər Əliyevin qanındandır, Heydər Əliyev məktəbi keçib, Heydər Əliyev tərbiyəsi görüb. Ali Baş Komandanımız Ulu Öndərin bizə yadigarıdır. Əgər biz bu gün bütöv Azərbaycanda sakit şəraitdə yaşayırıqsa, bu onun sayəsindədir. Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Onun gəlişi ilə Azərbaycan dirçəldi. Bunu o illəri görmüş, yaşamış bir insan kimi deyirəm. Heydər Əliyev qardaş qanını dayandırdı, Azərbaycanı birləşdirdi. O, adi bir insan yox, dahi şəxsiyyət idi”.
Xalq artisti Ulu Öndərin sənət insanlarına xüsusi qayğı ilə yanaşdığını deyərək, onu hər zaman sayğı ilə andığını bildirib:
"O, bütün sahələrin bilicisi olduğu kimi, incəsənətlə də çox yaxından maraqlanırdı. Teatrı, teatrşünaslardan yaxşı bilirdi. İnanın Allaha, o çox qeyri-adi insan idi. Musiqini musiqişünasla, teatrı teatrşünasla müzakirə edərdi. Mən çox xoşbəxt sənətkaram. Ona görə xoşbəxtəm ki, məhz o fenomen insanın imzası ilə fəxri adlara layiq görülmüşəm. Onun sənətim haqqında səsindən, dilindən, qəlbindən çıxan sözləri eşitmişəm. Çox dəyərli fikirlər söyləyib mənim sənətim üçün. Tamaşalarıma baxıb, ünvanıma çox gözəl fikirlər səsləndirib. Bundan böyük hansı xoşbəxtlik ola bilər? Mən buna görə özümü bəxtəvər sayıram, o insan mənim sənətimə qiymət verib deyə”.
Aysel Hacızadə