Elşad Abdullayev artıq nə danışdığının və nə etdiyinin fərqinə varmayacaq qədər tükənib.
Gün.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin eks rektoru Elşad Abdullayevin sözcüsünün verdiyi son açıqlamaya münasibət bildirərkən söyləyib.
“O, tamamən eyforik durumdadır. Bu onun arzu və istəklərinin fabula təqdimatında da özünü aydın bir şəkildə biruzə verir”.
Politoloq daha sonra bunları əlavə edib:
“Elşad Abdullayevi güman ki, bundan sonra istintaqa deyil, birbaşa psixatrik xəstəxanalardan birinə ekstradisiya etməli olacaqlar. Çünki şəxsiyyətin ikiləşməsi(bəlkə də üçləşməsi-dördləşməsi) sindromu ilə üz-üzədir. Az öncə özünü zərərçəkən kimi təqdim edirdi, indi dönüb oldu şantajçı.
Yəqin sabah da siyasətçi-filan olub xalqa ədəbdən-ərkandan, tər-təmiz vicdandan, ələxsus da rüşvətsiz təhsildən moizələr oxuyar…
Proseslərin gedişatından da bəlli olur ki, bu adam qardaş axtarışında-filan deyil və heç bir zaman da olmayıb.
Çünki, bir insan öz vicdanını, ailə, qardaş sevgisini otağının, evinin, kabinetinin, hansısa bir küncündə unudub, 7 il sonra onu təsadüfən tapa bilməz.
O, artıq dövləti təhdid edir, hər gün öz cinayətləri üzərinə yenilərini gətirir. Amma unudur ki, bu gün qüvvədə olan Cinayət Məcəlləsinin ən azından yarıdan çox maddəsini öz “belinə” mindirə bilib. Həm də şəxsi təşəbbüsü ilə.
Elşad Abdullayev tək bir şeyi anlamalıdır ki, onun ən kəskin açıqlaması belə, dövlət və dövlətçilik üçün “vızıltı” effektindən o yana təsir gücünə maik deyil, olmayacaq, ola bilməz. Azərbaycan dövlətçiliyi o qədər bəsit sütunlar üzərində qurulmayıb ki, onu Elşad və ya elşadkimilər hansısa dılğır və düşük açıqlamaları ilə sarsıda bilsin”.