“Azərbaycan əleyhinə kampaniyalar aparırlar”

“Azərbaycan əleyhinə kampaniyalar aparırlar”
SOSİAL
16:10 12.10.2026
219
"Dövlət strukturlarında hər hansı qərar qəbul edilərkən, şübhəsiz ki, bunun arxasında uzunmüddətli müzakirələr, məsləhətləşmələr, monitorinqlər və təhlillər dayanır. Əgər bir qərarın qəbul edilməsinə zərurət yaranıbsa və onun tətbiqinə başlanılıbsa, deməli, bu məsələ əvvəlcədən araşdırılıb, ehtiyaclar qiymətləndirilib və müvafiq qərarın qəbul edilməsi zəruri hesab olunub”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Paşayev bildirib.

O qeyd edib ki, son dövrlərdə müəyyən mövzular ətrafında internetdə və sosial şəbəkələrdə yaradılan ajiotaj xoşagəlməz təəssürat yaradır:

"Təəssüf ki, son dövrlərdə bu kimi mövzular ətrafında internetdə və sosial şəbəkələrdə yaradılan hay-küy xoşagəlməz təəssürat yaradır. Məsələni diqqətlə təhlil etdikdə görünür ki, müzakirələrdə iştirak edənlərin yalnız kiçik bir hissəsi mövzu ilə birbaşa əlaqəli şəxslərdir. Digər tərəfdən, bəzi qüvvələr müxtəlif hadisələrdən istifadə edərək Azərbaycan əleyhinə kampaniyalar aparmağa, baş verənləri dövlətə və dövlətçiliyə qarşı yönəltməyə çalışırlar”.

İ.Paşayev vurğulayıb ki, bəzi bloqerlər və internet fəalları ictimai əhəmiyyətli məsələlərdən istifadə edərək izləyici saylarını artırmağa çalışırlar:

"Demokratik cəmiyyətdə hər kəsin fikir bildirmək hüququ var. Lakin həssas mövzular üzərindən süni ajiotaj yaratmaq, ictimai narahatlığı reytinq və baxış sayı qazanmaq vasitəsinə çevirmək yolverilməzdir. Belə məsələlərə yanaşarkən məsuliyyətli və diqqətli olmaq vacibdir. Hesab edirəm ki, hər hansı qərarla bağlı qiymətləndirmə apararkən məsələnin mahiyyətinə dərindən bələd olmaq, mütəxəssislərin və aidiyyəti şəxslərin mövqeyini nəzərə almaq lazımdır. Qərarların arxasında dayanan səbəbləri, onların zəruriliyini və mümkün nəticələrini araşdırmadan tələsik mühakimələr yürütmək və əsassız ajiotaj yaratmaq düzgün yanaşma deyil. Əsas məsələ emosional reaksiyalara deyil, faktlara, peşəkar təhlillərə və əsaslandırılmış mövqeyə söykənməkdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR