Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə fındıq və meyvə qurusunun Avropa bazarına çıxarılması imkanlarına dair tədbir keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, fındıq və meyvə qurusu istehsalı ilə məşğul olan sahibkarlar iştirak ediblər.İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, Azərbaycanın fındıq istehsalının həcminə görə, dünya miqyasında Türkiyə və İtaliyadan sonra 3-cü yerdədir. Z. Qasımov fındıq ixracının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara sistemli dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini qeyd edib.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Vidadi Quliyev, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Mark Bekmann və İstehlak Mallarının Ekspertizası Bürosunun nümayəndələri isə çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.Tədbirdə həmçinin, Azərbaycandan fındıq, qoz, şabalıd, qurudulmuş meyvələr kimi məhsulların alınmasında maraqlı olan Almaniyanın “Schlüter&Maack” şirkətinin həmtəsisçisi Can Blase tərəfindən təqdimatlar keçirilib, Avropa bazarlarına, o cümlədən Almaniya bazarına məhsulun ixracı üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabətqabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilib.