Xəbər verdiyimiz kimi, may ayının 20-21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu keçiriləcək.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri,Siyasi Elmlər Namizədi Anar Tahirovun AZXEBER.COM-a verdiyi məlumata görə, foruma maraq olduqca yüksəkdir.
Onun dediyinə görə, forumda 350 nəfər iştirak edəcəyi gözlənilir: “Foruma hazırlıq yüksək səviyyədə davam etdirilir. Bütün təşkilati və texniki işlər son mərhələdədir. Forumda Şərqi Avropada təhsil alan və çalışan gənclər, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları sədrləri, gənc liderlər iştirak edəcək”.
Anar Tahirovun dediyinə görə, forumda Azərbaycanın dövlət məmurları, millət vəkilləri eyni zamanda Ukraynanın müvafiq qurumlarının rəsmilərinin də iştirakı planlaşdırılır.
“Reallaşan idealar” şüarı ilə baş tutacaq forumda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin özünü realizə etməsi üçün yaradılan imkanlar və gəncliyimizin qarşısında duran hədəflər müzakirə olunacaq. Forumda iştirak etmək istəyən gənclər may ayının 15 - nə qədər uayu.org saytında UAGB-nin 3-cü forumu bölməsində ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsinə Ukraynada nail olmaqdır.
Azərbaycan hökümətinin, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin, ASAİF – in , Ukrayna Gənclər Forumunun, Ümumukrayna Gənclər Assambleyasının dəstəyi və UAGB –nin təşkilatçlığı ilə keçiriləcək forumda Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına, o cümlədən, dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti olacaq.
Forumun yekun sənədində Ukraynada təhsil alan Azərbaycanlı gənclərlə Şərqi Avropa ölkələrində təhsil alan gənclərin gələcək fəaliyyət proqramı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların qarşısında duran vəzifələr, xüsusən də, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək Prezident seçkilərində gənclərin mövqeyinin bəyan edilməsi öz geniş əksini tapacaqdır.
Forumun əsas maliyyə xərclərini hər zaman böyük sosial layihələr həyata keçirməklə yüksək nüfuz qazanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Gənclər Fondu öz üzərinə gotürüb. Hacıbəy Heydərli