Oyunlara həftələr qala kassalarda bilet tapılmır...
Azərbaycan insanın illərdi həllini gözlədiyi problemlərdən biri də ölkə futbolunun mövcud durumudur. Ölkəmizdə futbolun hələ də ürəkaçan vəziyyətdə olmamasına baxmayaraq, azarkeşlər istər milli komandanın oyunlarına, istərsə də klublarımızın Avropa Liqasında çıxdığı oyunlara çox böyük maraq göstərir.
Elə bu marağın olması bəzi işbazlara daha çox sərf edir.
AZXEBER.COM-a müraciət edən Nurlan Ağazadə adlı oxucunun sözlərinə görə, futbol azarkeşləri klublarımızın oyunlarını canlı izləmək üçün stadionların kassalarında bilet tapa bilmirlər
Şikayətçinin sözlərinə görə, bu hal xüsusən də oyunların əsas keçirildiyi Tofiq Bəhrəmov adına Respublika Stadionun kassalarında yaşanır:
“Oyunlara həftələr qala kassalara yaxınlaşsaq da, biletlərin qalmadığını deyirlər. Qarabağ” klubunun sonuncu dəfə “Valletta” ilə keçirdiyi oyun zamanı da anoloji vəziyyətlə üzləşdik. Satışda olan biletlərin qiymətləri isə 20 manatdan yuxarı olur. Bu isə, sadə azarkeşə sərf edən qiymət deyil. Amma oyun günü kassanın qarşısında “qara bazar”ın al-verçiləri ən ucuz biletlərin üzərinə 5-10 manat qoyaraq satırlar. Necə olur ki, həftələr öncə biz bilet tapmırıq, amma onların əllərində ən ucuz sektorların topa-topa bilətlər olur?”.
Sözügedən halın artıq ənənə halını aldığını deyə bilərik. Çünki xüsusən də, ölkə klublarının xarici klublarla çıxdıqları oyunlarda biletlər “qara bazar”ın nümayəndələrinə birdəfəlik satılır.
Məsələ ilə bağlı Tofiq Bəhrəmov adına Respublika Stadionun məsul şəxsləri ilə əlaqə yaratmağa çalışsaq da, iş günü olmamasına görə bu cəhdlərimiz nəticəsiz qaldı.
Mövzuya yenidən qayıdacağıq.