Azərbaycan klublarının Avropa yolu: Kim hara gedir?
İDMAN
22:53 13.05.2026
489
UEFA Çempionlar Liqasına vəsiqəni əvvəlcədən təmin edən "Sabah" Azərbaycan Kubokunun da qalibi olub.
AZXEBER.COM xəbər verir ki, bununla da Premyer Liqada avrokuboklara vəsiqələrin bölgüsü böyük ölçüdə müəyyənləşib.
Mövcud qaydalara əsasən, ölkə çempionu eyni zamanda kuboku da qazandığı halda, UEFA Avropa Liqasına vəsiqə Premyer Liqanı ikinci pillədə başa vuran komandaya verilir. Hazırkı turnir cədvəlinə əsasən, bu hüquq "Qarabağ"ındır. Ağdam təmsilçisi yarışa birinci təsnifat mərhələsindən başlayacaq.
Çempionatı üçüncü sırada başa vuracaq komanda isə UEFA Konfrans Liqasına ikinci təsnifat mərhələsindən qoşulacaq. Hazırda bu mövqedə "Turan Tovuz" qərarlaşıb.
Azərbaycanın UEFA reytinqindəki mövqeyinə əsasən, Konfrans Liqasında ölkəmizi təmsil edəcək komandalardan biri mübarizəyə ikinci, digəri isə birinci təsnifat mərhələsindən start verəcək.
Konfrans Liqasına vəsiqə qazanacaq digər komanda isə Premyer Liqanı dördüncü pillədə tamamlayan kollektiv olacaq. Hazırda dördüncü yerdə "Neftçi" qərarlaşıb. "Ağ-qaralar" çempionatın başa çatmasına iki tur qalmış ən yaxın izləyicisi "Zirə"ni üç xal qabaqlayır.
Bununla belə, "Zirə"nin də avrokuboklara vəsiqə qazanmaq şansı qalmaqdadır.