Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənmə prosesinə start verildi

Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənmə prosesinə start verildi
Bütün Xəbərlər
19:45 21.05.2012
1141

Bu gün Koreya Milli İnformasiya İnformasiya Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin Cənubi Koreya olduğuna diqqət çəkib, ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsindən məmnunluq ifadə edib. Eyni zamanda rektor BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. Rektor universitetdə tədris olunan Koreya dili və ədəbiyyatından söz açıb, hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduqlarını bildirib.

Qəbul üçün rektora təşəkkür edən Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun çıxışından məlum olub ki, səfərdə məqsəd 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya məlumat mərkəzinin monitorinqini aparmaq olub. Onlar mərkəzlə tanış olub və müəyyən yenilənmə işlərinin aparılması qərarına gəliblər. Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, video-konfrans və virtual universitetin yaradılması daxildir. Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.

Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənmə prosesindən sonra açılışı avqust ayına nəzərdə tutulur. Təxminən 100 min dollara başa gələcək təchizat işləri əvəzsiz olaraq (BDU heç bir vəsait ödəməyəcək) həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR