Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli” elan edilib.
Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, həm də mətbuatımızın inkişafında müstəsna rol oynayan şəxsiyyətdir.
Bəs Ulu Öndər Heydər Əliyevin mətbuatımız üçün etdikləri nədən ibarətdir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 90-cı illərdə boşluqları görən Ümummilli Liderimiz çox vacib və yerində olan addımları atmışdı:
"Ümummilli Liderimiz Heydər Əliyev elə bir düha və zəka sahibi olub ki, bütün sənət sahibləri ona dərin hörmətlə yanaşıb və düşünüblər ki, Heydər Əliyevin həmin sənətlərin də sahibidir. Tarixçilər Ulu öndərlə danışanda onu mahir tarixçi kimi qeyd ediblər. Neftlə bağlı müxtəlif tanınmış mühəndislər, insanlar onu həm də güclü neftçi hesab ediblər. Filoloqlar onu filologiyanı dərindən bilən insan kimi qələmə verirdilər. İdmançılar isə düşünürdülər ki, Heydər Əliyev idman sahəsinin bütün dərinliklərini, özəlliklərini bilən bir şəxs olub. Bu siyahını uzatmaq ola. Təbii ki, Ulu öndərimizin ölkəmiz, xalqımız qarşısında böyük xidmətlərindən biri də Azərbaycan mətbuatının inkişaf strategiyasını formalaşdıran bir böyük şəxsiyyət olmasıdır. 1990-cı illərin əvvəllərində müstəqilliyimizi yenidən qazandığımız dövrdə bir çox sahələrdə boşluq olan zamanlarda mətbuat da kifayət qədər hətta yazılı, çap mediası olmasına baxmayaraq, o boşluqların məngənəsində idi".
Deputat qeyd edib ki, Azərbaycan mətbuatı öz inkişafına Heydər Əliyevin 90-cı illərdə qoyduğu düzgün bünövrə hesabına nail ola bilib:
"Bu mənada həm KİV haqqında qanunun formalaşdırılması, həm islahatların aparılması, ümumiyyətlə jurnalistikada olan boşluqları görən Ümummilli Liderimiz çox vacib və yerində addımlar atdı. Bu gün Azərbaycan mətbuatı öz inkişafına Ümummilli liderin 90-cı illərdə qoyduğu düzgün bünövrə hesabına nail ola bilir. Mətbuat və media həm cəmiyyətin, həm də xalqın güzgüsüdür. Ona görə də bunun düzgün formalaşdırılması, milli dəyərləri özündə əks etdirməsi, habelə müasir çağırışlara cavab verməsi hazırda çox aktualdır. Biz bu sahədə olan islahatları media haqqında yeni qanunun jurnalistlərə, mətbuat işçilərinə, cəmiyyəti irəli aparan aydınlara olan münasibətdə Heydər Əliyev deyirdi ki, bu şəxslər xalqı irəli aparan insanlardır və bizim güzgümüz kimi cəmiyyətdə nə baş verirsə, onu əks etdirən, operativ çatdıran jurnalistlərə həmişə hörmət və qayğı olmalıdır. Həqiqətən də biz inamla deyə bilərik ki, o dövrdə tanınmış jurnalistlər həm dövlət qayğısı ilə əhatə edilirdi, həm də onların həyat şəraiti, yaradıcılıq fəaliyyəti üçün bütün lazımi şəraitin yaradılması Heydər Əliyevin vacib işlərindən biri hesab olunur. Prezident İlham Əliyev də bu sahədə çox vacib addımlar atıb. Media haqqında qanun parlament müzakirəsinə verildi. Demək olar ki, bu proses cəmiyyətin müzakirə etdiyi ən vacib işlərdən biri idi. Qanun qəbul edildikdən sonra, cənab Prezident İlham Əliyev bu qanunu imzaladı və artıq Azərbaycan mediası dünyada qlobal çağırışlar fonunda özünün yolunu tutacaq həm cəmiyyətin güzgüsü rolunu üzərində saxlayacaq, həm də operativ xəbər alıb ötürülməsi missiyasını uğurla icra edəcək".

Əməkdar jurnalist, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Heydər Əliyevin mətbuata verdiyi dəstək yalnız müstəqillik illəri ilə məhdudlaşmır:
"Heydər Əliyevin Azərbaycan mediasına verdiyi dəstək təkcə müstəqillik illəri ilə əhatə olunmur. Onun 1969-cu ildə Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişindən sonra həmin dövrün şərtlərinə və imkanlarına uyğun olaraq Azərbaycan mətbuatının inkişafı istiqamətində ciddi addımlar atılmışdır. Bu kontekstdə, xüsusilə də mediada Azərbaycan dilinin qorunması ilə bağlı, Azərbaycan dilli mətbuatın inkişafı ilə bağlı atılan addımları dəyərləndirmək lazımdır. Yumşaq nəşrlərlə, gənclərlə bağlı ayrıca nəşrlərə verilən dəyər eyni zamanda həmin dövrdə Azərbaycan Yazıçılar Birliyi və digər yaradıcılıq qurumlarına verilən dəstək əslində nəticə etibarilə mediada Azərbaycan dilinin inkişafına verilən ən vacib dəyərdir. Dil bir çox aspektləri müəyyənləşdirir. O cümlədən də mediada, mətbuatda dilin formalaşmasında, inkişafında müstəsna rol oynayır. Bu cəhətdən də düşünürəm ki, müstəqillik dövründən başlayan bir prosesin əsası daha öncədən qoyulmuşdu".
Əməkdar jurnalist əlavə edib ki, Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mətbuatın əsl dostu müəyyənləşib:
"Jurnalistika sahəsində olan təhsili də xüsusi olaraq qeyd etmək lazımdır. Digər tərəfdən, şübhəsiz ki, Heydər Əliyevin Azərbaycan mediasının nümayəndələri ilə birbaşa ünsiyyəti mətbuatda söz azadlığının qorunması istiqamətində atdığı addımlar azad sözə, müstəqil mediaya tolerant münasibəti qənaətimə görə, hər zaman nümunə kimi yaddaşlarda qalacaq. Bu gün də ən yaxın tariximizdə baş verən bu hadisələr gözümüzün önündədir. Ən önəmli məqamlardan biri də Azərbaycanda senzuranın ləğvi ilə bağlı Ulu öndərin attığı addımlar verdiyi qərarlar idi. Azərbaycan mediası təkcə Cənubi Qafqazın deyil, bütövlükdə daha yaxın subregionun ən önəmli və güclü mətbuat resurslarından birinə çevrildi və ictimai rəyin formalaşması mühüm rol oynadı. Mətbuatın maddi-texniki bazasının formalaşması, medianın çox ciddi maliyyə problemlərinin həlli, çap mediasının dəstəklənməsi, onların ayrı-ayrı mətbəələrə olan borclarının dövlət tərəfindən silinməsi həmin dövr üçün, xüsusilə də ayaqlarının üzərində dayanmağı bacaran Azərbaycan mətbuatı üçün çox böyük məna kəsb edən addımlar idi. Təsadüfi deyil ki, məhz bu münasibətə görə Azərbaycan tarixində ilk dəfə mətbuatın dostu, kulminasiyası müəyyənləşdirilmişdi. Bu nominasiya da ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevə təqdim olunmuşdu. Şübhəsiz ki, Azərbaycanın bütün digər sahələrində olduğu kimi, mətbuatın inkişafında da mövcud imkanlar əldə etməsində və bu günə qədər öz dəyərlərini qoruyub saxlayaraq istisnasız olaraq Heydər Əliyevin misilsiz xidmətləri var. Zaman keçdikcə bu xidmətlərin medianın inkişafındakı rolu aydın şəkildə görünəcək və biz Ulu öndəri həmişə sayğıyla, böyük ehtiramla xatırlayacayıq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycançılıq ideyasının təbliği" - "Heydər Əliyev İli" mövzusunda dərc edilib.
