Azərbaycan milli süni intellekt platformasına hazırlaşır: “Xarici sistemlərdən asılılıq azalacaq”

Azərbaycan milli süni intellekt platformasına hazırlaşır: “Xarici sistemlərdən asılılıq azalacaq”
SOSİAL
17:16 01.07.2026
569
Azərbaycan rəqəmsal inkişaf, süni intellekt və innovasiya sahəsində yeni mərhələyə qədəm qoyur. Bu istiqamətdə həyata keçiriləcək tədbirlərin müzakirəsi məqsədilə iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

İclasda dövlət idarəçiliyində rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın sədri Mehriban Əliyeva bildirilib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası Rəqəmsal İnkişaf Şurasının əsas fəaliyyət istiqamətlərindən biri olacaq. Sənəd çərçivəsində dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi, yüksək hesablama infrastrukturunun yaradılması və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

İnformasiya texnologiyaları üzə mütəxəssis Fərid Musayev AZXEBER.COM-a açıqlamasında deyib ki, qeyri-dövlət sektorunda işləyən böyük mobil operatorlar, banklar və digər qurumlar da mərhələli şəkildə milli süni intellekt platformalarına inteqrasiya ediləcək:

"Bu məsələyə bağlı olaraq hazırda bütün dövlət qurumlarında, xüsusilə əhaliyə xidmət göstərən və böyük məlumat bazasına malik olan qurumlarda tətbiq mərhələsində işlər aparılır. Ən böyük data mərkəzi sırf süni intellektə bağlı olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərkibində qurulur. Qurumlararası bu xidmətdən istifadə etmək üçün dövlət xüsusi rabitə xidmətini təmin ediləcək. 


Yəni təhlükəsiz qaydada, şifrələnmiş formada qurumlar arasında olan məlumatların hamısının süni intellekt data mərkəzində ötürülməsi və emal olunmasına nəzarət ediləcək. Digər tərəfdən əhaliyə xidmət göstərən qeyri-dövlət sektorunda işləyən böyük mobil operatorlar, banklar və digər qurumlar da bu formada mərhələli şəkildə milli süni intellekt platformalarına inteqrasiya ediləcək”.

O qeyd edib ki, yerli bazar üçün istifadə olunan süni intellekt alətləri sırf Azərbaycan dilində düşünməyi bacarmalıdır:

"Əsas məsələ isə bütün bu addımların mərkəzində milli süni intellekt platformasının yaradılmasıdır. Bu zaman heç bir xarici servislərdən, xarici süni intellekt sistemlərindən, çatbotlardan və digər vasitələrdən istifadə olunmayacaq. Çünki yerli bazar üçün istifadə olunan süni intellekt alətləri sırf Azərbaycan dilində düşünməyi bacarmalıdır ki, istifadə zamanı yanlışlıqlar və məlumat itkisi baş verməsin. Hazırda istifadə olunan çatbotlarda və digər süni intellekt alətlərində bir çox hallarda bu problemlər yaranır.
Çünki sorğunu verirsiniz, Azərbaycan dilində olan məlumat əvvəlcə ingilis dilinə tərcümə olunur. Sistem onu emal edir, daha sonra yenidən Azərbaycan dilinə tərcümə edir və ortada bir çox hallarda problemlər yaranır. Buna da "halüsinasiya” deyilir. Bunların qarşısının alınması üçün Azərbaycanda istifadə ediləcək süni intellekt alətləri, xüsusilə dövlət xidmətlərində tətbiq olunmağa başlayan sistemlər ilk növbədə Azərbaycan dilində işləməyə uyğunlaşdırılacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR