AZXEBER.COM xəbər verir ki, elan saytlarına nəzər saldıqda məlum olur ki, Bilgəh qəsəbəsində sahəsi 39 hektar olan torpaq 58.5 milyon manata, metronun "Ulduz” stansiyasının yaxınlığında yerləşən 300 sot torpaq sahəsi 40 milyon manata təklif edilir.
"Dərnəgül” stansiyasından çox da uzaq olmayan ərazidə yerləşən 350 sot torpaq isə 38 milyon manata satışa çıxarılıb. Torpaq sahəsinin bir sotuna görə ən yüksək qiymət isə "İçərişəhər” stansiyasına yaxın ərazidə qeydə alınıb.
Burada 2.2 sotdan ibarət torpaq sahəsinin bir sotunun qiyməti təxminən 1 milyon manatdır. Qiymətə görə növbəti yerlərdə Badamdar qəsəbəsi, "28 May” və "Xətai” stansiyalarına yaxın ərazilər qərarlaşıb.
Maraqlıdır, bəs bu qiymətlər necə müəyyən edilir? Əsas amil Bakıda tikintiyə yararlı boş torpaq sahələrinin olduqca məhdud olmasıdır. Bu isə qiymətlərə birbaşa təsir göstərir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku TV-yə bildirib ki, o da eyni fikirdədir:
"Bu qiymət artımı təbii və davamlı tendensiyadır. Təhlil etsək görərik ki, yaxın keçmişdə də torpaq sahələrinin qiyməti daim artıb və bu gün də artmaqda davam edir. Torpaq uzunmüddətli investisiya cazibədarlığı ilə seçilir. İnvestorlar adətən torpaq sahəsini alaraq gələcəkdə daha yüksək qiymətə satmağı planlaşdırırlar. Bu baxımdan torpaq digər daşınmaz əmlak növləri ilə müqayisədə daha üstün investisiya vasitəsi sayılır. Çünki o, dərhal gəlir gətirməsə də, zamanla dəyərini daha sürətlə artırır”.











































