Azərbaycan minaları öz gücünə təmizləyir: Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək

SOSİAL
17:58 13.05.2022
217
Ermənistanın Azərbaycana qarşı etdiyi müharibə cinayətləri hamıya məlumdur. Sülh və insanlıq əleyhinə cinaytləri özlərinə bir mövqe kimi seçən ermənilər torpaqlarımızı işğal altında saxladıqları müddətdə ərazilərimizi talan edib, tarixi abidələrimizi dağıdıb. Daim cinayətlə məşğul olan Ermənistan hər bir əməlinin cavabını alacağını artıq özü də anlayır. 44 günlük Vətən Müharibəsində ağır məlubiyyətlə üzləşən və torpaqlarımızdan geri çəkilməyə məcbur qalan ermənilər torpaqlarımızdan qaçdıqları vaxtda belə ziyan vurmağa çalışıblar.

"Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident qeyd edib ki, hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır:

"Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər".

Daşa, torpağa, bitkilərə qarşı da vandilizm nümayiş etdirən Ermənistan Azərbaycanla həm də "mina müharibəsi” aparıb. Ermənilər işğal etdikləri ərazilərə uzun müddət minalar basdırıb. Hətta müharibə zamanı geri çəkilərkən belə bu əməllərini icra ediblər. Məlumdur ki, azad edilmiş ərazilərdə artıq uzun müddətdir ki, minatəmizləmə işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə digər işlərlə yanaşı, minatəmizləmə prosesi də hazırda sürətlə davam edir.
 


Mina problemləri üzrə təhqiqatçı, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri, Hafiz Səfixanov AZXEBER.COM-a açıqlamasında hazırda minatəmizləmə prosesi ilə bağlı məlumat verib.

O, qeyd edib ki, hazırda proses sürətlə davam edir:

"İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi tam sürətlə davam edir. Bildiyimiz kimi, həm 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycan Respublikası hökümətinin tapşırığına əsasən ANAMA, Müdafiə Nazirliyinin mühəndis-istekam qoşunları, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri minaların təmizlənməsi prosesinə cəlb olunub. Hökumətin qarşıya qoyduğu prioritetlərə əsasən ərazilər minalardan təmizlənir. Əsasən hansı ərazilərdə ki, infrastruktur layihələri və tikinti-quruculuq işləri aparılacaqsa, həmin ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Bunun üçün məsafədən idarə olunan robot texnikadan, minaaxtaran itlərdən və minatəmizləyənlərin əl əməyindən istifadə olunur. Bu, dünya təcrübəsində də belədir”.

Hafiz Səfixanov vurğulayıb ki, xarici dövlətlər bu prosesdə Azərbaycana ciddi köməklik etmir:

"Bu məqsədlə keçən il və bu il ölkəyə xaricdə istehsal olunan məsafədən idarə olunan minatəmizləyən robot texnikalar və minaaxtaran itlər gətirilib. Bundan başqa minaaxtaranların sayı davamlı olaraq artırılır. Onlar kurslara cəlb olunur. Müvafiq təlimlərdən keçdikdək sonra olar da minaların təmizlənməsinə cəlb olunur. Hava şəraitinin imkan verdiyi təqdirdə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi sürətlə aparılır. Bu sahədə Azərbaycan hələ ki, təəssüf ki, yalnız öz gücü ilə prosesi davam etdirir. Xarici dövlətlərdən minaların təmizlənməsi üçün Azərbaycana hiss olunacaq kömək yoxdur. Azərbaycan dövləti minaların təmizlənməsi üçün öz büdcəsindən maliyyə vəsaiti ayırıb. Keçən il yüz milyon manat idi. Bu il də bildiyim qədərilə elə həmin vəsaitə yaxın bir vəsaitdir. Bu vəsaitlə biz öz ərazimizdə minaların təmizlənməsi prosesini həyata keçiririk”.

Ermənistan tərəfinin Azərbaycana bəzi ərazilərin mina xəritələrinin təqdim etməsinə baxmayaraq mina xəritələri tam olaraq dəqiqliyi əks etdirmir. Ötən ay Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələyə münasibət bildirərkən bir daha qeyd etdi ki, xəritələrin dəqiqlik səviyyəsi yalnız 25 faizdir:

"Biz Ermənistan Respublikasından mina xəritələrini almışıq, amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir”.

Hikmət Hacıyev bildirdi ki, işin sürəti minaların təmizləmə prosesindən asılıdır:

"Azərbaycan bu sahədə öz səylərini əsirgəmir. Bütün bu səylərdə Azərbaycan Hökumətinin prioritetləri arasında inteqrasiyanın yaxşılaşdırılması, mina tədbirləri və daha geniş inkişaf var. Biz müşahidə edirik ki, müharibə və postmüharibə dövrlərində minaların təmizlənməsi humanitar məqsədlərə xidmət edir”.

Bütün bunları nəzərə alaraq anlamaq lazımdır ki, minatəmizləmə prosesi çətin və uzun zaman alan bir prosesdir.Gözlə görünməyən bu düşmən oraya ayaq basan hər bir vətəndaş üçün həyati təhlükə yaradır. Bu səbəbdəndir ki, 44 günlük müharibədən sonra icazəsiz olaraq daxil olan xeyli sayda vətəndaş həyatını itirib və ya ciddi bədən xəsarətləri alıb. Bu cür məsələlərdə vətəndaşlar da dövlətə yardımçı olmalı, qanunsuz hərəkətlərlə işəri çətinləşdirməməlir.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatıdırlması” mövzusu üzrə dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR