Azərbaycanın inkişafı, inkişaf etmiş dövlətlərlə ölkəmizin arasındakı fərqlərin minimuma endirilməsi hər zaman dövlətin diqqətində olan məsələlərdən biridir. Dövlətin inkişafı üçün bütün sahələrə diqqət yetirmək lazımdır. Elm, təhsil, mədəniyyət, idman, iqtisadiyyat və s. bu kimi məsələlərdə ölkəmiz uğurla inkişaf edir. Bu da dövlətin apardığı uğurlu siyasətin nəticəsidir. Dövlət başçısı hər zaman dövlətin inkişafına mane olan şəxslər haqqında sərt tədbirlər görür. Məmurlara xəbərdarlıq edir. Azərbaycanın inkişafı təkcə Bakı şəhəri ilə bitmir, eyni zamanda regionların da inkişafı istiqamətində atılan addımlar vacib amillərdən biridir. Bu səbədən dövlət başçısı rayon icra başçılarını vəzifəyə təyin edərkən onlara ciddi tapşırıqlar verir.
Ən son Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Dövlət başçısı çıxışında qeyd edib ki, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır:
"Siz Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı öz işinizlə doğruldacaqsınız.
İlk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır”.
Prezident qeyd edib ki, "son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.
Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi”.
Dövlət başçısı həmçinin qeyd edib ki, digər rayonlarda da turizm potensialı çox zəngindir:
"Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir”.
Ümumiyyətlə, son illər regionların daha da inkişafı göz önündədir. Bu səbəbdəndir ki, ölkəmizdə gələn turistlərin də sayında artım müşahidə olunur. Post-pandemiya dövrü olmasına baxmayaraq turistlərin ölkəmizə axınında artım sosial-iqtisadi inkişafın göstəricisidir.
Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında turistlərin ən çox gəldiyi bölgələrdən danışıb:
"Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər”.
Deputatın sözlərinə görə, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır:
"Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.
Qeyd edək ki, bu ilin ilk yarısında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1 milyon 27 min olub. Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 minə çatıb ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir”.
Deputatın sözlərinə görə, hotellərin gəlirlərində artım qeydə alınıb:
"Azərbaycan hotellərində qalanlar arasında körfəz ölkələri öndədir. Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirliklərnin vətəndaşlarının payına düşüb. Xaricilərin 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşları olublar.
Bu müddətdə hotellərin gəlirlərində də artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında hotellərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub”.
Onu da qeyd edək ki, regionların inkişafı üçün "Azərbaycan Respublikası sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində işlər görülür. 2004-cü ildən bəri icra olunan Dövlət Proqramları bir çox istiqamətlərdə uğurlu layihələr, müsbət addımlarla yadda qalıb.
Dövlət Proqamları çərçivəsində statistikalara nəzər saldıqda görünür ki, müəyyən sektor və sahələr üzrə dəfələrlə artımlar qeydə alınıb, xeyli sayda iş yerləri açılıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında da qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilmişdir.