"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir”
Bunu politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında deyib.

O qeyd edib ki, bir sutkaya belə çatmayan antiterror əməliyyatı nəticəsində Azərbaycanın əsas probleminə çevrilmiş erməni terrorizmi sıradan çıxarıldı:
"44 günlük savaş nəticəsində Azərbaycan Ermənistan üzərində tarixi qələbə qazanmışdır. Ancaq bu tarixi qələbə Azərbaycanın əsas probleminin tam həll olunması ilə nəticələnməmişdir. Yəni Azərbaycanın Qarabağ bölgəsində hələ də erməni terrorçu-separatçı rejimi mövcud idi və Rusiya sülhməramlı qüvvələri də onları himayə edirdi. Ancaq bir sutkaya belə çatmayan antiterror əməliyyatı nəticəsində onilliklər boyu Azərbaycanın əsas probleminə çevrilmiş erməni terrorizmi və separatizmi birdəfəlik sıradan çıxarıldı. Ardınca Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən getməyə məcbur oldu və bununla da Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etmiş oldu”.
Politoloq vurğulayıb ki, BMT-nin onilliklər boyu yerinə yetirilməmiş dörd qətnaməsini Azərbaycan Ordusu icra etdi:
"Ölkəmiz müstəqil olduqdan 30 il sonra Azərbaycan Konstitusiyası Azərbaycan ərazilərinin bütün hissələrində öz hökmünü bərqərar etmiş oldu. Bu, tarixi bir hadisədir. Bu, yüz illiklər boyu davam etmiş erməni terrorizmi ilə bağlı problemin birdəfəlik həll edilməsi deməkdir. Gələcək nəsillər bu tarixi qələbəni məmnuniyyətlə və şükranla yad edəcəklər. Tarixi qələbədə xidməti olan hər bir şəxs xatırlanacaq və heç vaxt unudulmayacaq. Yəni Azərbaycan Ordusu antiterror əməliyyatı ilə böyük bir zəfər qazanmaqla yanaşı, həm də dövlətin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və beynəlxalq hüquqla təsbit olunmuş bütün hüquqlarını bərpa etmiş oldu. BMT-nin onilliklər boyu yerinə yetirilməmiş dörd qətnaməsini məhz Azərbaycan Ordusu icra etdi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun onilliklər boyu Azərbaycan ərazilərinin Ermənistanın nəzarətində qalması üçün göstərdiyi cəhdləri də çökdürmüş oldu.
"Üç həmsədr ölkəyə mesaj verildi ki, Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin qarşısında onların bu cəhdləri heç bir nəticə verə bilməz. Bundan sonra nə onlara, nə də onların sülh yaratma missiyasına ehtiyac yoxdur. Yəni bütün bunlar onu göstərir ki, antiterror əməliyyatı Azərbaycan dövlətinin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması prosesində son nöqtə idi. Ordumuz və dövlətimiz həmin son nöqtəni qoyaraq problemin həlli ilə bağlı yekun addımı atmış oldu”,-deyə ekspert bildirib.
Şahanə Ziyad











































