Azərbaycan Pediatriya Cəmiyyəti Şuşada ilk konfransını keçirdi!

Azərbaycan Pediatriya Cəmiyyəti Şuşada ilk konfransını keçirdi!
SOSİAL
10:06 05.10.2025
228
4 oktyabr tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə Şuşada Regional Konfrans baş tutub.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev qonaqları və pediatr həmkarlarını salamlayaraq konfrans iştirakçılarına müraciət edib. O, Şuşa Regional Konfransının Cəmiyyətin işğaldan azad olunmuş ərazilərdə keçirilən ilk elmi toplantısı olduğunu xüsusi vurğulayıb və bu günün həm Cəmiyyətin fəaliyyəti, həm də səhiyyə ictimaiyyəti üçün olduqca əlamətdar tarix olduğunu bildirib. Sədr çıxışında həmçinin səhiyyə sahəsində son illər baş verən yeniliklərdən və pediatriya sahəsində inkişaf istiqamətlərindən də söz açıb.

Konfransın fəxri qonağı, Qarabağ Universitet Klinikasının baş həkimi İkram Rüstəmov tədbir iştirakçılarına müraciət edərək regionda səhiyyənin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Toplantının növbəti hissəsində Cəmiyyətin idarə heyətinin üzvləri – Erkin Rəhimov, Əkbər Quliyev, Rüstəm Hüseynov, professor Hüseyn Qabulov və dosent Nigar Bayramova məruzələrlə çıxış ediblər. Həmçinin, uzun illər ərzində Azərbaycan Pediatriya Cəmiyyətinin fəaliyyətinə dəyərli töhfələrinə görə idarə heyətinin üzvləri Rüstəm Hüseynov və professor Hüseyn Qabulov təşəkkür plaketləri ilə təltif olunublar.
Ardınca tədbirin elmi proqramı açıq elan olunaraq məruzələr və müzakirələrlə fəaliyyətinə başlayıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR