Azərbaycan Prezidentinə açıq məktub!

SİYASƏT
23:00 18.10.2013
2199

Hörmətli cənab Prezident!

Sizə açıq məktubla müraciət etməyə bizi KİV-də Azərbaycanın rəsmi şəkildə Avropa İttifaqı ölkələrinin dövlət başçılarının “Şərq əməkdaşlığı” çərçivəsində noyabr ayında Vilnüsdə keçiriləcək növbəti sammitinə dəvət olunması barədə məlumatlar vadar etdi.Şübhəsiz ki, bu xəbər bəzi həmvətənlərimizin əsl sevincinə səbəb oldu. Bizim sıralarımızda isə sözügedən məlumat nəinki ciddi anlaşılmazlıq, hətta haqlı narahatlıq yaratdı. Və bu nə deməkdir?Söhbət açılan əməkdaşlıq əsaslı şəkildə düşünməyi zəruri edir. Əgər Avropa Azərbaycanla dialoqda daim təzyiqi artıraraq, qızıl qayda kimi, diktat mövqeyindən çıxış edirsə, onda biz nəyin naminə Brüssellə yaxınlaşmağa üstünlük veririk?Bu gün sistemli iqtisadi və sosial problemləri öz üzərində hiss edən Aİ siyasi-iqtisadi inkişafın perspektivli gələcəyi ilə bağlı respublikamıza nəsə təklif edə bilərmi? Son zamanlar köhnə qitənin bir sıra rəsmi şəxsləri və institutlarının ölkəmizə qarşı tərbiyəçi mövqedən çıxış edərək, bizimlə dialoq qurmaq istəkləri və təzyiqləri gücləndirmələri bu məsələnin aktuallığını daha da artırır.Deməyi vacib saydığımız nə varsa, ilk növbədə, Sizin üçün nə sensasiyadır, nə də yenilik və ola da bilməz. Ölkənin milli maraqlarını həmişə mövcud vasitələrlə qoruyan Sizin kimi təcrübəli, çevik, səriştəli siyasətçi özlərinə əmin olmayan avropalılar, daha dəqiq desək, onların Azərbaycanı “tərbiyə etməyə” çalışan bəzi təsiredici dairələri ilə istənilən qeyri-qənaətbəxş münasibəti diplomatik yolla neytrallaşdırırsınız.Sağlam və bərabərhüquqlu əməkdaşlıq tərəflərdən ciddi yanaşma, bir-birinə hörmət tələb edir. Ancaq Aİ-Azərbaycan dialoqunda qarşı tərəfdən bunu az-az hallarda görən Azərbaycan, əslində, avropalıların mentorluğu və nəsihət verməsi ilə rastlaşır və bu da bizdə narahatlıq yaradır.Yorulmadan bərabər tərəfdaşlıq, demokratik prinsiplərin aliliyindən, hamının və hər kəsin hüquq bərabərliyindən danışan avropalılar reallıqda anlaşılmaz təkəbbür və snobizm nümayiş etdirməklə Azərbaycanın maraqlarını tapdalayırlar.Hamıya məlumdur ki, bizim də iştirakçısı olduğumuz Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqının keçmiş SSRİ-nin 6 ölkəsi ilə əlaqələrin inkişafını qarşıya məqsəd qoyub.Sözügedən prosesə üzərinə götürmüş öhdəliklərə uyğun olaraq başlamış Avropa iştirakçı ölkələrdə siyasi və sosial-iqtisadi islahatlarla “Avropa İttifaqı ilə maraqlı tərəflər arasında siyasi və iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədilə zəruri şəraitin yaradılmasına” kömək etməli idi.Bununla yanaşı, demokratiya və sabitliyin təmin olunması, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələrin inkişafı, o cümlədən, rejimin liberallaşdırılması kimi sahələr prioritet adlandırıldı.Bütün bunlar həmçinin Avropaya postsovet məkanının böyük hissəsini şəxsi maraqlar dairəsinə salmağa imkan verir ki, bunun da nəticəsində Qərb burada digər maraqlı mərkəzi qüvvələrlə rəqabət aparmaq imkanı qazanır.Lakin yuxarıda göstərilən bəndlərdən avropalılar, praktiki olaraq, yalnız özlərini maraqlandıran aspektlərə güc verirlər. Aİ sabitliyin, enerji təhlükəsizliyinin və insanlar arasında əlaqələrin inkişafının təmin edilməsi kimi məsələlərdə lazımi səylər göstərmədiyi halda, vaxtaşırı olaraq operativ qərar çıxarmağa imkan verməyən amillərə söykənir, tərəfdaşlarla münasibətlərdə tərbiyəçi ritorikasina əl atır.Qeyd etmək istərdik ki, vurğuladığımız inteqrasiya təşəbbüslərinin mərkəzi subyekti olan Azərbaycan olmadan proses öz-özlüyündə heçdir, çünki ölkəmizin “Şərq tərəfdaşlığı”ndan çıxması domino effekti yaradardı ki, nəticədə Avropanın Avrasiya məkanına təsiri ciddi şəkildə məhdudlaşardı.Məhz bu fonda Aİ-nin Azərbaycanla münasibətlərinin stilistikası tam anlaşılmazdır – hazırkı münasibətlər siyasi dəqiqlik, düzlük, üzərinə götürdüyü öhdəliyi dəyərləndirmək kontekstinə qətiyyən uyğun deyil. Baxmayaraq ki, məsələlərə ikili standartlarla yanaşan avropalı siyasətçilər yorulmdan bu barədə car çəkirlər.Məhz belə münasibətlər haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq yaradır, tərəfdaşlarla əməkdaşlıq məsələsində Aİ-nin ikili standart praktikasını tətbiq etməsi barədə müzakirələrlə nəticələnir.Təəssüf ki, artıq 20 ildir regional təhlükəsizliyə, Cənubi Qafqazda inteqrasiyanın demokratik inkişafına ciddi şəkildə mane olan Ermənistan-Azərbaycan münaqişəsi kimi ciddi böhranlı vəziyyətin həllinə biganə yanaşılır. Bütünlüklə problemlər içində olan Ermənistanın cəhalət və ekspansiya təhlükəsinin qarşısının alınmasında tətbiq edilən bulanıq standartlar müasir demokratiyanın “klassikləri” üçün getdikcə əsas meyara çevrilir.Brüsselin sağlam əməkdaşlığa kölgə salan məqsədyönlü davranışı nəticəsində dəfələrlə müstəqil Azərbaycanın daxili işlərinə qarışmağa səy göstərən avroparlamentarilərin qeyri-obtektiv qərarlar çıxarmasını sübut etməyə lüzum yoxdur.İnsan haqlarının qorunması adı altında rəsmi Bakıya çoxsaylı təzyiq faktları ikitərəfli münasibətlər orbitinin daimi peyklərinə çevrilib. Buna baxmayaraq, ölkəmizin böyük ümidlər vəd edən müasirləşməsinə, uğurlu xarici siyasətinə, qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna və ən əsası, milli cəmiyyətin demokratikləşdirilməsi yolunda əldə etdiyi nailiyyətlərinə əhəmiyyət verilmir.Bir sıra yüksək dərəcəli avropalı politoloqların məsələyə eqosentrizm ruhlu yanaşması, real vəziyyəti qərəzli mövqedən qiymətləndirməsi ikitərəfli münasibətlərə mənfi təsir etməklə bərabər, əməkdaşlıq ab-havasını da zəhərləyir və çoxillik səyləri, onların müsbət nəticələrini kölgə altına alır.Azərbaycanın qarşılıqlı təsir formatının genişləndirilməsi istiqamətində ciddi niyyətini görən avropalılar ikitərəfli münasibətlərdə əlverişli şəraitin yaradılması üçün müvafiq rejimin bərqərar edilməsinin zəruruliyi barədə dəfələrlə qeyd-şərtsiz tələblər irəli sürüblər. Lakin böyük ümidlər yaradan vədlər reallıqda əksini tapmır və boş vəd olaraq qalır.Öhdəliklərə qarşı bu dərəcədə qeyri-ciddilik Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsinin uzun müddətə asılı vəziyyətdə qalmasına, həmçinin Xəzər qazının köhnə qitə bazarına, yəni, ilk növbədə, ona ehtiyac duyan Avropaya çatdırılmasını nəzərdə tutan layihələrin reallaşmasına dəstək verən avropalı tərəfdaşların qərarsızlığına gətirib çıxara bilər.Danılması mümkün olmayan həqiqətdir ki, ölkəmiz qısa müddətdə Avropa üçün böyük işlər görüb. Cənubi Qafqazın tranzit potensialının dinamik artımı hesabına – hansı ki, iqtisadi yüklənmənin 70%-i Azərbaycanın payına düşür – köhnə qitənin bölgədə inteqrasiya potensialı yüksəlib.Təkcə bu amili nəzərə alıb düşünmək olar ki, qarşı tərəf mal dövriyyəsinin daha da artması, əməkdaşlığın genişlənməsi üçün viza rejimini tezliklə sadələşdirəcək. Lakin hadisələr əksinə cərəyan edir.Azərbaycan vətəndaşının Aİ ölkələrinə gedib-gəlməsi üçün icazə alınması proseduru təhqiredici xarakter daşıyır. Aİ ölkələrinə getmək istəyən vətəndaşlarımızdan bank hesabları tələb edilir ki, bu da vətəndaşların suveren hüquqlarının kobud şəkildə pozulması deməkdir. Şengen vizası əldə etməkdən ötrü Azərbaycan vətəndaşı bank sirlərini açıqlamalıdır: bu, insanların depozitlərin yerləşdirilməsinin anonimliyi qaydalarının ciddi pozulmasıdır.Görəsən, Azərbaycanın Aİ ölkələrindəki konsulluqları Almaniya, Belçika və ya Fransa kimi ölkələrdən Azərbaycana gəlmək istəyən vətəndaşlardan bank hesabı barədə arayışlar tələb etsələr, reaksiya necə olar?Təəssüf ki, Avropanın bir sıra nüfuzlu dairələrinin Azərbaycana qarşı təkəbbürlü və etinasız yanaşmaları bizi bir sual üzərində düşünməyə vadar edir – bir halda ki, Azərbaycanın Qərbə doğru getmələri qəsdən düşünülmüş problemlər, süni əngəllərə səbəb olur, onda ölkəmiz Brüsselin lehinə həlledici qərar qəbul etməlidirmi?Cənab Prezident, Azərbaycan cəmiyyətində beynəlxalq təşkilatlarla münasibətlərdə rasional dəyişikliklər edilməsinə tərəfdar çıxanların sayı durmadan artır. Siz, qlobal geosiyasətin xarakteri və trendi barədə gözəl anlayan və ölkəmizin dünyada nüfuzunun artması üçün çox işlər görmüş bir şəxs kimi, əsas hədəfə – ölkəmizin geosiyasi davamlılığının gücləndirilməsinə nail olmusunuz.Göründüyü kimi, hazırkı vəziyyət ölkəmiz üçün geosiyasi prioritetlərin daimi dəyişilməsi barədə qərar verməyə ilkin şərait yaratmaqla yanaşı, həmçinin çoxvektorlu milli siyasət üçün bazanın əhəmiyyətli şəkildə genişlənməsi imkanını da artırır.Ola bilsin ki, xarici siyasət prioritetlərinin müəyyən edilməsinə düzəlişlər hesabına Azərbaycan üçün strateji sosial-iqtisadi resursların artırılmasına yeni imkanlar yaransın və bununla da neoimperiya təzahürlərindən etibarlı şəkildə qorunsun.Hazırkı müstəvidə, zənnimizcə, xatırlatmaq yerinə düşər ki, yaxın keçmişdə Şanxay əməkdaşlıq təşkilatına daxil olmaqdan ötrü müraciət edərkən Bakı, beynəlxalq iqtisadi strukturu formalaşdıran dövlətlərin lazımi dəstəyini aldı. Bu ümidverici durumu davamlı inkişaf etməklə özünə maraq oyatmış ölkə üçün cəsarətlə nümunəvi göstərici kimi qiymətləndirmək olar.Yeni qlobal geosiyasi və geoiqtisadi konfiqurasiyanın formalaşması şəraitində Azərbaycan nəzəri olaraq Avrasiya məkanının incisinə çevrilə bilər. Bununla yanaşı, qarşılılıqlı əməkdaşlıqda öz mövqeyini qoruya, bərabərhüquqlu tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli harmonik əlaqələrin genişlənməsinə nail olar.Şübhəsiz ki, gələcəkdə ölkəni hansı yolla aparmağı, yeni tarix kəsiyində dünya cəmiyyətində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi imkanlarını genişləndirməyə imkan verən seçimləri ancaq Siz edə bilərsiniz.Açıq məktubla Sizə müraciət etməkdə məqsədimiz milli cəmiyyətin müəyyən təbəqəsinin fikirlərini, bir çox həmvətənlərimizin Sizin milli birliyin möhkəmlənməsinə kömək edən yeni təşəbbüs, ideya və layihələrinizi dəstəkləmək niyyətində olmalarını nəzərinizə çatdırmaqdır. Bu kontekstdə bildiririk ki, bəzi beynəlxalq qüvvələrin Azərbaycana yad baxışlarının, eləcə də, tamamilə lazımsız komplekslər gətirmək cəhdlərinin qarşısını almaq üçün ideal imkanlar nəzərdən keçirilir.Hesab edirik ki, Sizin son 10 il ərzində davamlı şəkildə yürütdüyünüz və müstəsna olaraq respublikamızın milli maraqlarına əsaslanmış xarici siyasət kursunun uğurlarının sirri məhz elə bu cür balanslaşdırılmış yanaşmadadır.

Akif Məlikov, əməkdar incəsənət xadimiTofiq Abbasov, New Baku Post qəzetinin Baş redaktoruRəhman Hacıyev, 1news.az informasiya agentliyinin Baş redaktoruHəmid Həmidov, müstəqil jurnalist

OXŞAR XƏBƏRLƏR