Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində, Azərbaycanın tarixi torpağıdır.
İlham Əliyev.
Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur.
Dünyanın cənnət bucaqlarından sayılan Qafqazı 33 ildən bəri qan çanağına çevirən davakar erməni millətçilərinin son bir əsrdə Azərbaycan xalqına qarşı soyqırım, deportasiya və işğal siyasəti beynəlxalq imperialist dairələrin son iki əsrdə bu bölgədəki hakim mövqe davası üzərində ərsəyə gəlmişdir. Həmin qüvvələrin birgə məkrli planları əsasında tarixi Azərbaycan torpaqlarında qurulmuş başabəla Ermənistan oyuncaq dövləti necə yaradılıb, onun xalqımıza qarşı düşmənçilik siyasəti nəyə xidmət edir.
1980-ci illərin sonlarında SSRİ-nin dağılması və müstəqillik uğrunda mübarizənin genişləndiyi taleyüklü bir dövrdə Ermənistanın azərbaycanlılara qarşı deportasiyası, soyqırımı və ərazi iddialarını yenidən gündəmə gətirməsi, ölkədaxili separatist qüvvələrə dəstək verməklə, əslində, onun dövlətçiliyini məhv etmək istəyi Azərbaycanın siyasi rəhbərliyində tarixi təcrübədən irəli gələn ciddi addımlar atılmasına səbəb oldu. Bu, sadəcə Azərbaycanın keçmişi ilə deyil, onun bu günü və gələcəyi ilə bağlı olan bir məsələ oldu.
Ermənistan isə özgə torpağında dövlət yaratmağın mümkünlüyündən sevinərək ötən 33 ildə Dağlıq Qarabağı özünə birləşdirmək üçün beynəlxalq hüquqa meydan oxuyan açıq işğalçılıq siyasətinə bel bağladı.
Ötən il Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycanın apardığı əks-hücum əməliyyatı ilə bağlı dünya birliyinin mövqeyi isə bir daha göstərdi ki, tarixin indiki dönəmində işğal yolu ilə ərazilər qazanmaq mümkün deyil.
Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb.
Birlik, iradə və əzmkarlıq Azərbaycanı Qələbəyə apardı. Xalqın birliyi və ədalətli mövqeyi "dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Hər zaman xalqın dəstəyinə arxalanan möhtərəm Prezidentimiz cənab İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış dövlət başçısına xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.
Bununla da regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi dövlət başçısının ətrafında birləşəcək.
Naftalan şəhər sakini Tərlan Namazov