Azərbaycan qazının 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır

İQTİSADİYYAT
11:43 12.02.2013
1648

Azərbaycan «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunan təbii qazı artıq 2019-cu ildə Avropaya çatdırmağı planlaşdırır.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Bu məqsədlə «Şahdəniz» konsorsiumuna daxil olan şirkətlər bu ilin oktyabr ayında müvafiq investisiya qərarı verməlidir: «Bunun nəticəsində 2018-ci ilə qədər «Şahdəniz-2» layihəsini reallaşdıra bilərik və 2019-cu ildə qazı Avropaya çatdıra bilərik».

E.Nəsirov deyib ki, Avropa özünün qazla təminatı məsələsinə siyasi məsələ kimi baxır: «Amma həm ARDNŞ, həm də konsorsiuma daxil olan şirkətlər bu məsələyə siyasi sövdələşmə kimi deyil, kommersiya əməkdaşlığı kimi yanaşır».

ARDNŞ vitse-prezidenti bildirib ki, qaz ixracatı ilə bağlı gündəmdə olan TANAP layihəsindən başqa, Azərbaycan eyni zamanda digər qaz kəmərləri ilə də ixracatın aparılmasında maraqlıdır: «Nabucco», TAP və digər qaz kəmərləri ilə də nəql etməyə maraq göstəririk. Artıq bununla bağlı müvafiq sazişlər imzalanıb»

E.Nəsirov onu da əlavə edib ki, bu ilin iyul ayında Azərbaycan qazının Bolqarıstan və İtaliya vasitəsi ilə də Avropaya nəqli ilə bağlı qərar verilə bilər.

OXŞAR XƏBƏRLƏR