‘Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb’

‘Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb’
Bütün Xəbərlər
10:35 13.05.2014
1022

Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi ilə bağlı mayın 12-də Həştərxanda təntənəli tədbir keçirilib.

Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Həştərxan Dövlət Filarmoniyasında Fondun ötən dövrdə Bakı ilə yanaşı, respublikamızın regionlarında gördüyü işləri, həmçinin Həştərxanda həyata keçirdiyi layihələri əks etdirən fotosərgi nümayiş etdirilib.

Vilayətin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda tədbirin keçirilməsini əlamətdar və gözəl hadisə adlandırıb. Fondun yaranmasının 10 illiyinin H. Əliyevin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf etdiyini deyən Aleksandr Jilkin Fondun Həştərxanda həyata keçirdiyi layihələrdən danışıb. O bildirib ki, Heydər Əliyev Fondunun gördüyü işlər artıq bütün dünyada yüksək qiymətləndirilir.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya vilayətə göstərdikləri diqqətə və həyata keçirilən birgə layihələrə görə minnətdarlığını bildirib. Həştərxanda Azərbaycan diasporuna böyük rəğbətin olduğunu deyən qubernator hazırda Fondun dəstəyi ilə şəhərdə uşaq bağçasının inşa olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əlaqələr və mehriban qonşuluq münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və hər iki dövlətin maraqlarına tam müvafiqdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ticari-iqtisadi, siyasi, mədəni və başqa sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərlərinin birgə səyləri sayəsində XI yüzilliyin əvvəlində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır”.

Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Fondun yaradılması təşəbbüsünün müəllifi məhz Azərbaycan xalqının ümummilli lideri idi. Əli Həsənov vurğulayıb: “Ulu Öndər hələ Azərbaycan Prezidenti olduğu dövrdə istəyirdi ki, respublikada Azərbaycan xalqına xidmət edən, xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi üzrə iş aparan, Azərbaycanın tarixi reallıqlarını dünya birliyinə çatdıran bir Fond fəaliyyət göstərsin. Heydər Əliyevin vəfatından sonra bu nəcib ideyanı Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası parlamentinin deputatı Mehriban xanım Əliyeva gerçəkləşdirdi”.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Böyük Vətən müharibəsində qələbənin əldə olunmasının ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdıran Fondun nümayəndəsi İlqar Mustafayev ötən 10 il ərzindəki icra olunan layihələrdən, bu qurumun dəstəyi ilə keçirilən beynəlxalq tədbirlərdən danışıb. O, qeyd edib ki, Heydər Əliyev Fondunun layihələri ümumilikdə bütün dünya ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır. Fondun prioritetləri, dünyanın bir sıra ölkələrində reallaşdırdığı layihələrindən danışan İ.Mustafayev Fondun təhsilə dəstək layihəsi çərçivəsində Rusiyada gördüyü işləri xatırladıb.

Sonra 9 May Qələbə günü münasibətilə və Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin dərinləşməsindəki töhfələrinə görə bir neçə nəfərə Heydər Əliyev Fondunun qiymətli hədiyyələri təqdim olunub.

Tədbir Azərbaycanın və Həştərxanın rəqs kollektivlərinin çıxışları, ölkəmizin tanınmış incəsənət ustalarının ifaları ilə davam edib. Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Həştərxanda keçirilən tədbirlər onun adını daşıyan parkda təşkil edilmiş atəşfəşanlıqla yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR