‘Azərbaycan saatı’ verilişinin yayımı niyə dayandırıldı? - TƏHLİL

‘Azərbaycan saatı’ verilişinin yayımı niyə dayandırıldı? - TƏHLİL
MEDİA
15:57 02.09.2013
5886

Türkiyə televiziyalarını bir-bir gəzən və hələ ki bir kanalda “farağat” dura bilməyən “Azərbaycan Saatı” adlı verilişin aqibəti hələ də sual altındadır.

Əvvəlcə onu deyim ki, “Türksat”da yayımlanan veriliş bu günə kimi “Kanal Avrupa”, “Medya TV” və son olaraq “Denge TV”də yayımlansa da, hər dəfə bu verilişin müəyyən “səbəblərlə” kanallardan küsməsi artıq ənənə halını alıb. Ancaq nədənsə verilişin təşkilatçıları hər dəfə sözügedən verilişin Azərbaycan hakimiyyətinin səyi nəticəsində dayandırılması ilə bağlı iddialar səsləndirir və bununla bağlı palaz-palaz yazılar yayımladırlar.

Ancaq unudulan bəzi məqamları xatırlatmaq yerinə düşər. Əslində adıçəkilən kanallar Türkiyə televiziyaları arasında bölgə televiziyları kimi tanınır və onların tamaşaçı auditoriyası elə də böyük deyil. Buna görə də bu kanallarda hansısa bir veriliş açmaq üçün elə də böyük vəsaitə ehtiyac yoxdur. Bununla yanaşı, həmin verilişin yayımladığı kanallar “Test yayım” həyata keçirirlər. Bu isə təşkilatçılara daha çox sərf edir. Çünki verilişin kanalda birinci yayımı üçün hansısa vəsait tələb olunmur.

Qənimət Zahidi televizyonçu “abi”lərdən küsdürən nədir?

Qəzet redaksiyasından televiziya studiyasına transfer olunmaq elə də asan başa gələn bir proses deyil.

Əslində mətbuatda qələm-kağızı kənara qoyub televiziya studiyalarına keçid edən çox az sayda jurnalistin adını çəkə bilərik. Bunlar özləri də iki hissəyə bölünür: uğurlu nümunə və uğursuz nümunə.

Bu keçid prosesində uğur qazanan insanları bu gün axtarmağa ehtiyac yoxdur. Onlar hər zaman mətbuat məclislərində öndə olurlar.

Ancaq uğursuz nümunələr haqqında bir neçə kəlmə kəsib, onların uğursuzluqlarının kütləviləşməməsi üçün maarifləndirmə işini düzgün aparmaq lazımdır. Elə bəhs etdiyim uğursuz nümunələrin başında gələn isim Qənimət Zahiddir. Qənimət bəyin həbsdən sonrakı fəaliyyətini jurnalistikadan kənar qiymətləndirmək məncə daha məqsədəuyğun olardı. Məsələlərə daha çox siyasi tərəfləri ilə yanaşan bəyin həbsdən sonrakı fəaliyyəti elə son günlərin qalmaqallı “kinorejissoru” Rüstəm bəydən heç nəyi ilə fərqlənmir. Hər iki şəxs öz işlərinin kənarında fəaliyyət göstərdikləri üçün uğursuzluq sindromundan qaça bilmirlər.

Son günlərin trendi – “Dilənmək!”

Əldə edilən informasiyalara görə, təkcə “Azərbaycan saatı” üçün bölgələrdən və paytaxt Bakıdan yığılan “ianə”lərin miqdarı 250 min manata çatıb. İanə sözünü əbəs yerə dırnaqda qeyd etmədim. Çünki sözügedən 250 min manat ianə adı ilə yığılsa da, mahiyyət olaraq “dilənçi” peşəsini xatırladır. Qalstuklu “ianə” yığanların görkəmi ilə əyni-başı toz-torpaq içində olan dilənçiliklə məşğul olanlar arasında kifayət qədər fərq var. Bütün işini-gücünü atıb bu iki qrup arasında şəxsiyyət fərqlərini araşdırsan, elə də ciddi fərqlərə rast gəlməzsən. Yuxarıda qeyd etdiyim kimi, birincinin fərqi qalstukda, kostyumda olmasıdır.

250 mini parçalayan bəylər!

Sezarın “parçala və hökm sür” siyasəti dünya dönəndən bu günə kimi davam edir. Hələ də dünyanın super qüvvələri bu siyasəti həyata keçirmək üçün milyardlarla pulları havaya sovurur. Əslində burada məqsəd daha güclü olmaq və daha çox parçalamaqdır. Ancaq bizim bəylərin 250 min manatı parçalaması və onu qardaş malı kimi bölüşdürməsi “parçala və hökm sür” siyasətinin yanında daha cılız qalır. Hələ bu parçalanan məbləğin ianələrlə yığıldığını nəzər alsaq, buna yalnız bir ad tapmaq olar. O da, Qalstuklu dilənçilik!

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR