Azərbaycan səfiri etimadnaməsini Əfqanıstan prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Əfqanıstan prezidentinə təqdim etdi
Bütün Xəbərlər
09:07 20.04.2012
1232

Daşqın Şikarov həmçinin bu ölkədəki Azərbaycan sülhməramlı kontingenti ilə görüşüb

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasına təyin olunmuş səfiri Daşqın Şikarov (iqamətgahı İslamabad şəhəri olmaqla) etimadnaməsini Əfqanıstan prezidenti Həmid Kərzaya təqdim edib. XİN-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, diplomat etimadnaməsini aprelin 18-də təqdim edib. Səfir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Əfqanıstan dövlət başçısına çatdıraraq onu ölkə rəhbərliyi adından 2012-ci ilin oktyabr ayında Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısına dəvət edib. Əfqanıstan prezidenti ilə söhbət zamanı səfir D.Şikarov Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar, ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar, Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun prezidenti - ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında ölkə daxilində və xaricində həyata keçirilən humanitar layihələr barədə geniş məlumat verib. Prezident Həmid Kərzay onun salamlarının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edərək, İƏT Zirvə Toplantısında iştirak etmək üçün dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib. Həmid Kərzay Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini tam dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb. Səfir D.Şikarov Əfqanıstana səfəri çərçivəsində bu ölkədəki Azərbaycan sülhməramlı kontingenti ilə də görüşüb. Əsgərlərimizin xidmət şəraiti ilə yaxından tanış olan səfir D.Şikarov sülhməramlı kontingentimiz tərəfindən yaradılmış Heydər Əliyev muzeyini ziyarət edib.

OXŞAR XƏBƏRLƏR