ASGA Ukrayna nümayəndəliyi İLK AKSİYAsına start verdi.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Ukrayna Nümayəndəliyi təsis edilib. Bu barədə saytımıza təşkilatın sədri Səbuhi Abbasov məlumat verib. Abbasov onu da qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: “ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli bə beynəlxalq layihələr reallaşdırmışıq. Bu layihələr olduqca müxtəlif sahələri əhatə edir. “Azərbaycan Müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu (Rusiyada)” ”“Azərbaycanda təhlükəsizlik problemləri. Regional təhlükəsizlik təminatı məqsədi ilə onlarin həlli metodlari (Azərbaycan-Gürcüstan)”, “Biz nə üçün seçkidə iştirak etməliyik?”, “Soyqırımı tanıdaq-31 Mart (Belarus)”, “Gənclərin vətənpərvərliklə bağlı fikirlərində psixoloji gərginliklər əmələ gətirən amillər”, “Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi”, “Azərbaycan ədəbiyyatını öyrənək”, “XOCALIDAN DANIŞAQ (Rusiya)”, “Turizmin inkişafına virtual dəstək”, “Slavyan mədəniyyətinə səyahət”, “Slavyan gəncləri ilə dostluq həftəsi” və s. layihələr cəmiyyətdə, o cümlədən, slavyan gəncləri arasında böyük maraq hissi ilə qarşılandı. Biz öz ictimai fəaliyyətimizdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından çox böyük stimul alırıq. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla xanım Əliyevanın çoxşaxəli, uğurlu diaspor fəaliyyəti, elə bilirəm ki, bütün QHT-lər tərəfindən dəstəklənməli və təbliğ olunmalıdır. Çünki RAGT-ın fəaliyyəti təkcə hər hansı bir layihəni reallaşdırmaqdan ibarət deyil. Bu təşkilatın əsas missiyası Azərbaycanı dünyaya tanıtmaqdan ibarətdir.”
ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov müvafiq Slavyan ölkələrində nümayəndəliklərinin açılmasının zəruri olduğunu qeyd edib: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Bu baxımdan bu il Rusiya Federasiyasında nümayəndəliyin açılması və birgə layihələrin reallaşdırılması çox mühüm addım oldu.”
Yeni təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Ukrayna Nümayəndəliyi artıq beynəlxalq aksiyaya da başlayıb. Nümayəndəliyin rəhbəri Ukraynada öz səmərəli fəaliyyəti ilə tanınan Xəzri Elxanoğludur.
Gənclər Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı başlanmış “Girovları azad et!” virtual flaşmob aksiyasına qoşulub.
Bu barədə məlumat verən ASGA Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu aksiyanın bütün Ukrayna ərazisində keçirilməsinin planlaşdırıldığını qeyd edib: “İlk olaraq Kiyevdən başladıq. Onlarla gənc bizə dəstək vermək üçün müraciət edib. Sevindirici məqam ondan ibarətdir ki, aksiyaya təkcə Ukraynada yaşayan azərbaycanlı gənclər deyil, eyni zamanda, ukraynalı gənclər də fəal şəkildə qoşulmaq istədiklərini bildiriblər. Bu aksiyanı ÜMUMUKRAYNA AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATI (ÜAGT) VƏ Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) birgə tərəfdaşlığı nəticəsində həyata keçirdirik”