Azərbaycan televiziyalarında türk seriallarının yayımı niyə dayandırılmır?

Azərbaycan televiziyalarında türk seriallarının yayımı niyə dayandırılmır?
MEDİA
14:05 05.01.2012
3696

Xəbər verdiyimiz kimi, 2012-ci ilin mayın 1-dən Azərbaycanda xarici serialların yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli dekabrın 23-də bununla bağlı açıqlama verib.

Qanunun ardından “Space” teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyev açıqlamasında bu qərara müsbət yanaşdığını söyləyib: “Milli serialların çəkilişinə böyük miqdarda dövlət vəsait ayrılıb. Bu bizə stimul verir ki, yerli istehsalı inkişaf etdirək. Düşünürəm ki, öz seriallarımızın keyfiyyəti artdıqca tamaşaçıların onlara marağı da artacaq”. ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov deyib ki, belə bir qərar gec-tez verilməliydi: “Xarici kanalların əksəriyyətində ancaq yerli seriallar təqdim olunur. Elə qonşu Türkiyəni götürək. Bəyəm onlar Venesuela və ya Meksika serialları göstərirlər? Xeyr, hamısı öz seriallarıdır. Çox yaxşı da uğurlar əldə ediblər. Biz də çalışacağıq ki, milli seriallarımızın sayını artıraq və tamaşaçılara keyfiyyətli iş təqdim edək”.

Bütün bunlara baxmayaraq, Azərbaycanda telekanallarında Türkiyə istehsalı serialların yayımına son sürətlə start verilib. Artıq bu serialların anonsları televiziyalarda yayımlanır. Belə ki, yanvarın 1-dən ANS-də “Yabançı damat”, “Space”də “Haziran gecəsi”, “Xəzər”də “Böyük yalan”, ATV-də “Kayb olan yıllar” və “Aşka sürgün”, Lider tv-də “Muhteşem yüzyıl” kimi populyar türk serialları yayımına start verildi.

AZXEBER.COM portalı məsələ ilə bağlı tanınmış media hüquqşünası Ələsgər Məmmədlinin fikirlərini öyrənib. Ələsgər Məmmədli bu qanunun birmənalı şəkildə milli biznesin inkişafına təkan vermək üçün qəbul edildiyini qeyd edib: “Milli Teleradio Şurasının funksiyası qanunla müəyyən edilmiş yerə qədərdir. Ona görə, Teleradio Şurası yalnız ona verilən səlahiyyətlər çərçivəsində qanunlar qəbul etməlidir. Onun səlahiyyətləri yanız tənzimləmə xarakterlidir. Son qərara gəldikdə isə, onu deyim ki, xaricdə istehsal edilmiş serialların Azərbaycan dilində dublaj edilməsinə baxmayaraq yayımına qadağa qoyulması, məqsədin əslində başqa olduğunu göstərir. Söhbət əgər milli-mənəvi dəyərlərə zidd serialların yayımının qadağan edilməsindən getsə idi o zaman bu qanunu anlamaq olar. Ancaq elə seriallar var ki, bu serialla poli-vətəndaş münasibətlərinin inkişafına, cəmiyyətdə ailə münasibətlərinin qurulmasına tərbiyəvi rol oynayır. Düşünürəm ki, bu qanun yerli biznesin inkişafına yönəldilib. Ancaq MTRŞ-nın vəzifəsi milli biznesin inkişafına təkan vermək deyil. Seriallar avtomobil deyil ki, yalnız milli biznesi inkişaf etdirəsən. Əgər avtomobil satışı ilə məşğul olsalar, o zaman haqlı məqamlar ortaya çıxa bilər. Bu qanun Azərbaycanın qoşulduğu konvesiyalara ziddir. Belə ki, burada göstərildiyi kimi, yalnız milli-mənəvi dəyərlərə zidd olan verilişlərə və ya seriallara qadağalar edilə bilər. Ancaq birmənalı şəkildə hamısını qadağan etmək heç bir məntiqə sığmır. Bu insanların informasiya əldə etmək və yaradıcılıq fəaliyyətlərini məhdudlaşdıran addımdır”.

OXŞAR XƏBƏRLƏR