"Azərbaycan tərəfdaşlarını konkret məqsədlər ətrafında birləşdirən gücə çevrilib"

"Azərbaycan tərəfdaşlarını konkret məqsədlər ətrafında birləşdirən gücə çevrilib"
SİYASƏT
13:49 03.07.2025
239
Xəbər verdiyimiz kimi, 4 iyul tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammitində iştirak edəcəklər. 

Xüsusilə də Rusiya ilə münasibətlərin gərginləşdiyi bir vaxtda belə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi diqqət mərkəzindədir.
 
Sammitin önəmi ilə bağlı siyasi şərhçi Tural İsmayılov AZXEBER.COM-a açıqlama verib.
 
O, belə bir mərhələdə dost və strateji müttəfiq ölkələrin liderlərinin Bakıya gəlməsinin, Azərbaycanın regional güc olduğunu təsdiqlədiyini bildirib:
 
"Azərbaycanın geosiyasi dinamika baxımından önəmini artıran bu səfərlər, strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Türkiyə və Pakistan kimi regional və qlobal təsirə malik iki ölkə rəhbərinin Bakıya eyni vaxtlarda səfəri, sadəcə diplomatik münasibətlərin təzahürü deyil, dərin strateji koordinasiyanın göstəricisidir. Bu, Azərbaycanın bölgədə oynadığı rola verilən ciddi qiymətdir.

Türkiyə ilə Azərbaycan arasında münasibətlər artıq "bir millət, iki dövlət” ifadəsindən də irəli gedərək konkret layihələr, müdafiə sənayesi və enerji diplomatiyası üzərində qurulan sistemli əməkdaşlıq platformasına çevrilib. Bu səfər, bu əməkdaşlığın daha da institusionallaşdırılması üçün vacib mərhələdir. Xüsusilə enerji marşrutları, müdafiə sənayesi məhsullarının ortaq istehsalı və təhlükəsizlik koordinasiyası ön plandadır.

Pakistanın iştirakı isə daha geniş mənzərə ortaya qoyur. İslamabadla Bakı arasında münasibətlər son illərdə təkcə diplomatik çərçivədə yox, hərbi əməkdaşlıq və beynəlxalq təşkilatlarda dəstək səviyyəsində də dərinləşib. Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələrdən biridir və bu siyasi mövqe real əməkdaşlığa çevrilməkdədir. Xüsusilə Cənubi Asiya – Qafqaz – Orta Asiya xəttində Azərbaycanın qapı rolunu oynaması Pakistan üçün iqtisadi və geostrateji baxımdan ciddi fürsətlər yaradır.

Bu səfərlərin zamanlaması da xüsusi vurğulanmalıdır. Azərbaycanın post-münaqişə dövründə beynəlxalq rolunun artması, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya xətlərində oynadığı rol, regiondakı tərəfdaşların diqqətini və marağını daha da artırır. Belə bir mərhələdə dost və strateji müttəfiq ölkələrin liderlərinin Bakıya gəlməsi, Azərbaycanın regional güc olaraq formalaşmaqda olduğunu təsdiqləyir".
 

 
Politoloq həmçinin qeyd edib ki, Azərbaycan artıq sadəcə regional proseslərə reaksiya verən tərəf deyil, o həm də prosesləri dizayn edən, təşəbbüs irəli sürən tərəfdir:

"Bütün bunların fonunda Azərbaycanın diplomatik xətti özünü doğruldur: balanslı, maraqlara əsaslanan və öz milli mövqeyinə söykənən siyasət artıq nəticə verir. Bu səfərlər də həmin xəttin regional miqyasda necə təsir doğurduğunu nümayiş etdirir. Yəni, Azərbaycan artıq sadəcə regional proseslərə reaksiya verən tərəf deyil, o prosesləri dizayn edən, təşəbbüs irəli sürən, tərəfdaşlarını konkret məqsədlər ətrafında birləşdirən gücə çevrilməkdədir.

Nəticə etibarilə, bu səfərlər qlobal qarşıdurmalar fonunda bir cəbhə yaratmaq məqsədi daşımır. Əksinə, Azərbaycanın özünün formalaşdırdığı əməkdaşlıq məkanında tərəfdaşlarını yanında görməsi, qarşılıqlı güvən və strateji uzlaşma baxımından ciddi əhəmiyyət daşıyır. Bu, müstəqil siyasət yürüdən bir dövlətin uğur hekayəsidir".
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR