Azərbaycanda təhsil siyasətində son aylar dəyişikliklərin edilməsi, vətəndaşlar arasında bəzi sualların yaranmasına səbəb olub.Bu suallar arasında ən çox cəmiyyəti maraqlandıran qəbul edilən qanunların nə zaman icra edilməsi və onun şərtlərinin nələr olması ilə bağlıdır.
Yeni qəbul edilən qanunlardan biri də, təhsil sistemində ən çox korrupsiya hallarının yaranmasına səbəb olan tələbə köçürmələri ilə bağlı məsələdir. Bu gün artıq bir çox universitetlərdə işləyən işbazlar məhz bu işlə qeyri-qanuni yolla tələbələri bir universitetdən digər universitetə və ya bir fakültədən digər fakültəyə köçürürlər. Bu fəaliyyətlə məşğul olanlar illərdir bu işdən küllü miqdarda gəlir əldə edirlər.
Təhsil nazirliyinin qəbul etdiyi qaydalar tələbələrə hansı şəraiti yaradacaq?
Artıq bununla bağlı Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri ilə bağlı yeni qaydalar hazırlayıb.
Təhsil nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hazırda qaydaların müzakirəsi başa çatıb:
“Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanmış və hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra növbəti ildən tətbiqi nəzərdə tutulur”.
Deməli artıq gələn ildən etibarən bu qaydanın qanuni tədbiqinə başlanacaq.
“Tələbə küçürmələri dünyanın ən nüfuzlu universitetlərində də var”
Milli Məclisin təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Şahlar Əsgərov AZXEBER.COM-açıqlamasında Təhsil Nazirliyinin tələbələrin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı qəbul etdiyi qaydaları yüksək qiymətləndirib:
“Tələbənin bir fakültədən digərinə köçürülməsi prosesi mütləq qanuni şəkildə aparılmalıdır. Bu dünyanın ən nüfuzlu universitetlərində də belədir. Çünki, tələbə imtahan verir və istəmədiyi bir fakültəyə düşür. Tələbənin istəyinə uyğun olaraq onun ixtisasını dəyişməsinə köməklik etmək lazımdır. Təəssüflər olsun ki, qanunda olan boşluqlardan istifadə edən bəzi işbazlar bununla küllü miqdarda gəlir əldə edir və bu da təhsildə korrupsiya faktlarının artmasına səbəb olur. Buna görə də, Təhsil nazirlyinin həyata keçirəcəyi bu dəyişikliyi alqışlamaq lazımdır”.
“Mən nazirlik tərəfindən qəbul edilən yeni qaydanı alqışlayıram”
Məsələylə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı, professor Astan Şahverdiyev nazirliyin qəbul etdiyi yeni qaydanı alqışladığını bildirib:
“Bu gün universitetlərdə bu işlə fərdi şəkildə məşğul olan şəxslər var. Bu şəxslərin əsas işi tələbə köçürmələri ilə məşğul olmaqdır. Mən nazirlik tərəfindən qəbul edilən yeni qaydanı alqışlayıram və düşünürəm ki, bu Azərbaycan təhsilində olan islahatların daha uğurlu davamı olacaq”.
Əfsələddin Ağalarov