AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, iqtisadi göstəriciləri Azərbaycandan qat-qat aşağı olan və daha çox azərbaycanlı biznesmenlərin yatırımları hesabına maliyyə sektorunda sabitlik yarada bilmiş Gürcüstan belə, 1 nəfərlə də olsa, “Forbes”in siyahısına düşə bilib.
Bəs Azərbaycanı təmsil edən zənginləri “Forbes”in reytinq siyahısında niyə görə bilmirik? Dorudanmı Azərbaycanda adı həmin siyahıya düşən gürcü biznesmen Bidzina İvanişvili qədər var-dövlətə sahib iş adamları, oliqarxlar yoxdur?
Yəqin ki, bu suala əminliklə “yoxdur” cavabını versək, səhv etmiş olarıq. Heç kimə sirr deyil ki, neft ölkəsi olan Azərbaycanda kifayət qədər var-dövlətə sahib olan zənginlər az deyil.
Ekspertlər bildiriblər ki, “Forbes” jurnalı adətən açıq mənbələrdən əldə etdiyi məlumatlar hesabına, biznesmenlərin müvafiq qurumlara təqdim etdikləri gəlir və əmlak bəyannamələri, ödədikləri vergilər və s. əsasında bu və ya digər iş adamının varidatını hesablayır. Onların sözlərinə görə, Azərbaycanda gəlir bəyannamələri və kommersiya sirlərinə qarşı tətbiq edilən məhdudlaşdırıcı qanunlar jurnala Azərbaycandakı milyarder və milyonerlərin sayını, kimliyini müəyyən etməyə imkan vermir.
Amma istənilən halda “Forbes” jurnalı bilməsə də, Azərbaycan vətəndaşları ölkədə milyarderlər, ya da milyonerlər kastasının mövcud olduğnu yaxşı bilir. Cəmiyyət yəqin ki, onların kimliyini tam çılpaqlığı ilə gəlir və əmlak bəyannamələri, ödənilən vergilərlə bağlı məlumatlar ictimaiyyətə açıqlananda, bu sahədə şəffaflıq təmin olunanda öyrənə biləcək.