Noyabrın 4-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov və Zərgərpalan küçələrində, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami rayonunda Tofiq Abbasov küçəsi, 15 ünvanında saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bəzi ərazilərində isə saat 10:00-dan 16:00-dək elektrik enerjisi olmayacaq. Buna səbəb 35/6 kV-luq 93 saylı yarımstansiyadan çıxan 6 kV-luq "Aşağı Sulutəpə" hava xəttində naqillərin yenilənməsidir.
Abşeron rayonunda da bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Belə ki, "Masazır" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov və Hamlet Həşimov küçələrinin müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Bundan başqa, "Qobu" hava xəttindən qidalanan transformator məntəqələrində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd edək ki, təmir və yenidənqurma işləri elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi daşıyır.











































