Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"

Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
SOSİAL
01:12 04.11.2026
156
Zaqatalada 79 yaşlı sakin itkin düşüb.

Bildirilir ki, Xəlil Mustafa oğlu Mustafayev 20 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerindədir. Bir qədər qulağı zəif eşidir, amma görməsi, gəzməsi və digər sağlamlıq göstəriciləri qaydasındadır. İçki içmir, siqaret çəkmir.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Zaqatala rayonunda itkin düşdüyü bildirilən Xəlil Mustafa oğlu Mustafayevin kürəkəni Namer Talıbov deyib.

"Zaqatala şəhərinin Füzuli küçəsində yaşayırıq. Qayınatam mebel ustasıdır, əvvəllər mebel sexində işləyib. Bizdə Qala deyilən yer var, orada keçmişdə mebel fabriki olub, uzun müddət orada işləyib. İndi təqaüdçü adamdır, heç yerdə işləmir. Evdən çıxanda əlində əsası olub, başında kepka, əynində də boz kostyum.

Polisə də itən günün axşamı xəbər vermişik, onlar da axtarırlar, biz də axtarırıq, 20 gündür artıq, amma tapılmır.

Axırıncı dəfə avarların yaşadığı Tebeloba kəndinə girişi kameraya düşüb, amma çıxışı yoxdur. Həmin kənddən keçəndə "Boz dağı" deyilən bir yerdə axırıncı dəfə görüblər. Ondan sonra heç bir xəbər ala bilmirik. Özü qızı ilə qalırdı. Dörd uşağı vardı, oğlu rəhmətə gedib, üç qızı qalıb", - deyə N.Talıbov bildirib.

Onu görənlərdən 077-560-22-95 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
OXŞAR XƏBƏRLƏR