Taksi sifarişlərində eyni məsafə üzrə qiymətlərin dəyişməsi sərnişinlər arasında narazılıq yaradır. Hava şəraiti, tıxaclar, yol vəziyyəti və sifarişlərin çoxluğu tariflərə təsir göstərir.
AZXEBER.COM xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Bakupost”a bildirib ki, hazırda taksi xidmətlərinin qiymət siyasətini operatorlar müəyyənləşdirirlər. Yağış, qar, yol sıxlığı və sifarişlərin çoxalması qiymətlərin artmasına səbəb ola bilər. Tətbiq vasitəsilə sifariş verilərkən gediləcək məsafə və qiymət sərnişinə təqdim olunur. Lakin yolun qəfil bağlanması, istiqamətin dəyişməsi və digər gözlənilməz hallar qiymətin dəyişməsinə gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, taksi sürücüləri də qazanc əldə etmək məqsədilə fəaliyyət göstərən kiçik sahibkarlardır. Sürücülərin də ucuz qiymətə sərnişin daşımaq öhdəliyi yoxdur. Təklif olunan qiymət onları qane etmədikdə, işi dayandırmaq qərarı verə bilərlər. Buna görə də qiymət siyasəti müəyyənləşdirilərkən sürücülərin maraqları da nəzərə alınmalıdır.
O, gələcəkdə taksi qiymətlərinə dövlət səviyyəsində baxılmasını və tariflərin aşağı və yuxarı hədlərinin müəyyənləşdirilməsini təklif edir. Ekspertin fikrincə, belə tənzimləmə qiymətlərlə bağlı problemlərin həllinə kömək edə bilər.
Ekspert beynəlxalq təcrübədə gecə və gündüz saatları, hava şəraiti və günün pik vaxtları nəzərə alınmaqla fərqli tariflərin tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, bir çox ölkədə taksi xidmətləri Azərbaycandakından daha bahadır. Bəzi sərnişinlər qiymətləri yüksək hesab etsələr də, sürücülərin mövqeyindən baxdıqda vəziyyət fərqli görünür.
E.Muradlı vurğulayıb ki, taksi şirkətləri tarifləri özbaşına şişirdə bilməzlər, lakin onların da qazanc əldə etmək maraqları var. Onun fikrincə, tariflərin aşağı və yuxarı hədlərinin müəyyənləşdirilməsi həm sürücülərin və şirkətlərin maraqlarını, həm də sərnişinlərin mənafeyini nəzərə alan tənzimləmə mexanizmi yarada bilər.











































