Azərbaycanda 10 min hektarda pavlovniya ağaclarının əkilməsi planlaşdırılır

Azərbaycanda 10 min hektarda pavlovniya ağaclarının əkilməsi planlaşdırılır
SOSİAL
10:58 13.05.2026
100
Azərbaycanda pavlovniya ağaclarının əkilməsi üzrə investisiya imkanlarının araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF), Almaniyanın WeGrow və yerli Red Valley şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, ilkin mərhələdə ölkə üzrə 10 min hektar ərazidə pavlovniya plantasiyalarının salınmasının iqtisadi səmərəliliyi, investisiya potensialı və ekoloji dayanıqlılığı qiymətləndiriləcək.

Layihə çərçivəsində pavlovniya ağaclarının əsasən Salyan, Şirvan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan və Ağcabədi rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində mərhələli şəkildə əkilməsi nəzərdə tutulur. Hər il orta hesabla 2 min hektar sahədə əkin işlərinin aparılması planlaşdırılır.

Sürətlə böyüyən və yüksək karbon udma qabiliyyətinə malik pavlovniya ağacının həm sənaye, həm də ekoloji məqsədlərlə istifadə olunduğu bildirilir. Layihənin gələcək mərhələsində ağac emalı müəssisələrinin yaradılması və tam istehsal zəncirinin formalaşdırılması da nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR