“Bu prosesin cəmiyyət tərəfindən nəzarətə alınması vacibdir”.
Erkən nikahlar problemi artıq bütün ölkəni bürüyüb.
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva bu haqda danışıb.
Onun sözlərinə görə, Dövlət komitəsi bu istiqamətdə müəyyən araşdırmalar aparır.
“Erkən nikahlar problemi müəyyən regionları deyil, bütün ölkəni bürüyüb. Qanunvericilik tədbirlərinə baxmayaraq, belə faktlara hələ də rast gəlinir. Belə faktlar barədə adətən xəbərsiz oluruq, belə ki, bu qəbildən olan nikahlar qanunvericilik tərəfindən qadağan olunduğu üçün ailələrin razılığı ilə həyata keçirilir. Bu prosesin cəmiyyət tərəfindən nəzarətə alınması vacibdir” – deyə, Aynur Sofiyeva bildirib.
Onun sözlərinə görə, problemi həll etmək üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Və lazımi dəstəyi İH, bələdiyyə, yerli hakimiyyət simasında yerli icra orqanları göstərə bilərlər.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 2012-ci ildə (2013-cü ilin statistik məlumatları hələ açıqlanmayıb) 15-17 yaş arasında olan qadınlar tərəfindən 3236 uşaq dünyaya gətirilib.
Doğumun ardıcıllığı üzrə 15-17 yaş arasında olan analar tərəfindən 15 uşaq ailənin 3-cü övladı kimi dünyaya gətirilib. 278 uşaq isə 15-17 yaş arasında olan qadınların ikinci övladı kimi dünyaya gəlib. 15-17 yaş arasında olan qadınlar tərəfindən doğulan uşaqların 67 faizi (2169 uşaq) kəndlərdə doğulub (Trend).