“Söz” Analitik Araşdırma Bürosu “İlin ən pisləri” ilə bağlı araşdırmaların nəticələrini təqdim edib. Ölkənin 4 ən böyük şəhərinin 2 min respondenti arasında aparılan sorğunun nəticələri çox maraqlıdır. Məlum olub ki, “İlin ən pis nazirliyi” Təhsil Nazirliyidir. “İlin ən pis deputatı” adına isə Lerikdən seçilən İqbal Məmmədov layiq görülüb.
Sorğu zamanı “İlin ən pis siyasi təşkilatı” adını AMİP qazanıb. Bu sırada “İlin ən pis siyasətçisi” isə BQP sədri, deputat Fazil Mustafa göstərilib. Ondan sonra BAXCP sədri, deputat Qüdrət Həsənquliyev və Ziyalılar Forumunun üzvü Eldar Namazov siyahıda yer alır.
F.Mustafa siyasi poliqonda bu ilin sonuna yaxın daha çox köşə yazarları ilə polemika, aktyorlar Rafael və Coşqunun həcc ziyarətinə getdikləri halda qadın paltarı geyinməsini tənqid etmək, o cümlədən Şah İsmayıl Xətai barədə yazdıqları ilə yadda qaldı. Büronun niyə onu “İlin ən pis siyasətçisi” elan etməsi isə bir qədər təəccübə səbəb oldu. Odur ki, məsələyə deputatın mövqeyini öyrənmək istədik.F.Mustafa qeyd etdi ki, sorğunun hansı meyarlar əsasında keçirilməsindən xəbərsizdir. Onun sözlərinə görə, sorğunun nəticələri açıqlanırsa, həmin şəxsin “ən pislərdən” seçilməsinin səbəbi izah olunmalıdır: “Amma bu sorğu barədə ilk dəfə sizdən eşidirəm və insanların məni niyə belə qiymətləndirdiyini də bilmirəm. Amma fəallıq baxımdan sosial şəbəkələrdə özüm çıxış edirəm. 100-ə yaxın məqalələrim müzakirə, mübahisələrə səbəb olub. İlin əvvəlində ”Fitva" yazıma çoxlu reaksiyalar gəldi".Deputat söylədi ki, yazarlarla olan polemikanı da qeyd etmək olar: “Ola bilsin mətbuatdakı dartışmalardan, televiziyadakı çıxışlarımdan belə nəticə çıxarıblar. Mənsə hər hansı nəticəyə görə fəaliyyət göstərmirəm. Bütün debatlara, polemikalara çıxıb açıq danışmaqdan çəkinmirəm. Sosial şəbəkələrdə də aktivlik nümayiş etdirirəm. Ancaq sorğunun hansı kateqoriyalı insanlar arasında aparıldığını bilmirəm”.