Dünən Azərbaycanda 3 güllələnmə hadisəsi qeydə alınıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, dekabrın 17-də İmişli rayonunun Məmmədli kəndindəki Şərbət-Qobu gölünün yaxınlığında ovla məşğul olan Bakı şəhər sakini Akif Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş kənd sakini Hamlet Allahverdiyevə dəyib.
Ağır xəsarət alan A.Məmmədov hadisə yerində ölüb.
Ov zamanı daha bir bədbəxt hadisə isə Mingəçevir şəhərində baş verib. Belə ki, Kür çayının sahilində ovla məşğul olan şəhər sakini Elxan Bayramov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş həmyerlisi Hümbət Maşıyevə dəyib.
Xəstəxanaya yerləşdirilən Hümbət Haşıyevin həyatını xilas etmək mümkün olmayıb.
Dekabrın 17-də daha bir hadisə Bərdə rayonunun Məmmədli kəndində baş verib. Rayon sakini Tarıyel Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda hər üçün faktla bağlı araşdırmalar aparılır.