Azərbaycanda orta məktəblərlə bağlı daha bir hadisə ilə əlaqədar məlumat yayıldı. Bakıda 33 yaşlı tarix müəllimi 69 yaşlı xanım həmkarını ölümcül döyüb.
Suraxanı rayonundakı orta məktəbin müəllimi tərəfindən döyülən 69 yaşlı xanım Müəllimə Yusifova açıqlama verib: “45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir”.
“Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxılır. Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”, - deyə şikayətçi vurğulayıb.
Hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidməti sözügedən olayla əlaqədar sualları 154 saylı orta məktəb rəhbərliyi tərəfindən cavablandırılacağını söylədi: “154 saylı məktəbin direktoru Əli Əliyevin isə hadisə ilə bağlı münasibəti belə oldu: “154 nömrəli məktəbin direktoru kimi yayılan məlumatla bağlı bildirirəm ki, Quliyev Yaşar həqiqətən də 2005-ci ildən 154 saylı məktəbin tarix müəllimidir. Haqqında məlumat gedən xanım Müəllimə Yusifova isə rəhbərlik etdiyim məktəbdə müəllimə kimi fəaliyyət göstərmir. Quliyev Yaşar işlədiyi müddətdə özünü savadlı və bacarıqlı müəllim kimi göstərmişdir və məktəbdə tədris prosesi normal şəraitdə davam edir. Məsələyə hüquqi qiymət verildikdən sonra baxıla bilər”.
Orxan