Azərbaycanda abortların sayı artır, doğum isə azalır - Səbəb nədir?

Azərbaycanda abortların sayı artır, doğum isə azalır - Səbəb nədir?
SOSİAL
15:57 16.09.2026
190
Azərbaycanda abortların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb. Statistik göstəricilər son 15 ildə ölkədə abort hallarının təxminən 30 faiz yüksəldiyini göstərir. Ötən il 95 875 doğuşa qarşı 95,1 min abort faktının qeydə alınması diqqət çəkir. Beləliklə, ölkədə hər 100 doğuşa təxminən 99 abort halı düşüb.

Abortların sayındakı artım ölkədə doğum göstəriciləri ilə bağlı müzakirələri də aktuallaşdırır. Son illərin statistikası bu sahədə ciddi dəyişikliklərin baş verdiyini göstərir və rəqəmlər demoqrafik proseslərin izlənilməsi baxımından diqqət çəkir.

Sosioloq Hüseyn İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu kimi halların artmasının səbəblərindən biri doğum statistikasının azalmasıdır:

"Bu kimi halların artmasının səbəblərindən biri də doğumun ümumi statistikasının azalmasıdır. Doğum statistikasının azalması fonunda abortların statistikada payı daha çox görünməyə başlayır.

Son illərdə ailə quranların statistikasında da, xüsusilə 2020-ci və 2023-cü illərlə müqayisədə, azalma müşahidə edilir. Belə olan təqdirdə artıq avtomatik olaraq abortların sayı statistikada daha çox üstünlük təşkil etməyə başlayır”.

Sosioloq qeyd edib ki, son dövrdə müşahidə olunan hallardan biri də insanların daha kiçik tərkibli ailələrə üstünlük verməsidir:

"Son dövrdə müşahidə olunan hallardan biri də insanların daha kiçik tərkibli ailələrə üstünlük verməsidir. İkincisi bəzi insanlar qız uşağının dünyaya gəlməsini istəmirlər və bəzən buna görə müəyyən addımlara əl atırlar.

Digər tərəfdən isə məsələ ondan ibarətdir ki, boşanmaların dinamikasında artım sürəti var. Çox zaman ailələr ailə qurduqdan bir neçə ay sonra boşanma ilə üzləşirlər və biz görürük ki, bu statistikanın sayı gəncləşir. Əvvəllər ailələr, məsələn, 3-4 il birlikdə yaşadıqdan sonra boşanma qərarı verirdilərsə, indi bəzən ailə qurduqdan 3 ay sonra boşanma qərarı verən ailələrin statistikası ilə qarşılaşırıq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR