Azərbaycanda adam döyməyin cəzası müəyyənləşdi - Maksimum 1000 manat
Bütün Xəbərlər
01:54 30.06.2012
3183
Milli Məclis iyunun 29-da Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Adam döyməklə bağlı maddə (132-ci maddə) Məcəllədən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib. Yəni, bundan sonra adam döymüş şəxs inzibati həbs alacaq və ya 500-100 AZN arası cərimə ödəyəcək. Bir neçə deputat həmin maddənin Cinayət Məcəlləsindən çıxarılmasına etiraz edib. Deputat İlyas İsmayılov bunu səhv addım adlandırıb:«Bu qanunu hazırlayanlar sadəcə kabinetdə oturub işləyənlərdir. Necə ola bilər ki, insan ləyaqətini alçaldan bir hərəkət Cinayət Məcəlləsindən çıxarılır. Təhqir, böhtan cinayət hesab edilir, amma adamın kimsə tərəfindən döyülməsi inzibati xəta sayılır». Layihəni parlamentdə təqdim edən Əli Hüseynli iradlarla razılaşmayıb. O qeyd edib ki, onsuz da döymə hallarında xəsarətlər olarsa, bu məsələ Cinayət Məcəlləsinə tövsüf edilir.Qüdrət Həsənquliyev isə deyib ki, elə döymə halları var ki, bu zaman adam heç bir xəsarət almır, amma təhqir olunur: «Misal üçün adamı arxadan təpiklə vurular və bunun heç izi də qalmır. Amma bu hərəkətlə insanın şəxsiyyəti alçaldılır. Bu baxımdan da, döymə maddəsi Cinayət Məcəlləsində saxlanmalıdır».Dəyişiklik parlamentdə qəbul edilib.