17 yaşlı Rafiq xilas etmək üçün əvvəlcə anası, daha sonra isə bacıları suya atılıblar.
Çay kənarında istirahət bir ailənin faciəsi ilə nəticələnib.
AZXEBER.COM Kəpəz TV-yə istinadən bildirir ki, Qazağın Çaylı kənd sakini Tofiq Civişov və ailə üzvləri Kür çayının Birinci Şıxlı kəndi ərazisində istirahət edən zaman oğlu 17 yaşlı Rafiq balıq tutarkən çaya yıxılıb. Bu zaman onu xilas etmək üçün əvvəlcə anası Pərvanə Civişova, daha sonra isə qızları Aytən və Gülmira suya atılıblar. Nəticədə isə ana və ailə üzvləri suda boğularaq həyatını itirib.
Ailə başçısı Tofiq Civişov və onun kürəkəninin cəhdləri də bir nəticə verməyib. Ötən gün saat 3 radələrində baş verən hadisə zamanı yalnız ana Pərvanə Civişovanın meyitini sudan çıxarmaq mümkün olub. Hazırda FHN-in əməkdaşları 2 bacı və bir qardaşın axtarışlarını davam etdirirlər.
Qeyd edək ki, Kürün qurbanı olan ailənin böyük qızı Aytən Civişova hamilə olub.


