Azərbaycanda avtomobil yağları 50%-dən çox bahalaşıb – Səbəblər açıqlandı

Azərbaycanda avtomobil yağları 50%-dən çox bahalaşıb – Səbəblər açıqlandı
SOSİAL
12:54 08.06.2026
318

Son günlər avtomobil yağları və ehtiyat hissələrinin qiymətlərində mümkün bahalaşma ilə bağlı narahatlıqlar artıb. Bəzi ekspertlər bunu Hörmüz boğazında yaranan gərginlik və yükdaşımalarının məhdudlaşması ilə əlaqələndirsələr də, bazar iştirakçıları alternativ nəqliyyat marşrutlarının mövcud olduğunu, qiymət dəyişikliklərinin isə yalnız bu amillə izah edilə bilməyəcəyini bildirirlər.

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, məsələ təkcə logistika ilə bağlı deyil:

"Məsələ yalnız logistika ilə bağlı deyil. Bizim tərəfdaşlarımız var və söhbət əsasən Avropa mənşəli yağlardan gedir. Digər yağ növlərində bu artım o qədər də hiss olunmaya bilər.


Problem həmin yağların istehsalında istifadə olunan əsas xammalın əldə edilməsidir. Burada həm neft qiymətlərinin yüksəlməsinin, həm də müharibələrin təsiri var. Nəticədə bazarda məhsul qıtlığı yaranıb. Məsələn, Avropadakı tərəfdaşlarımız bildirirlər ki, hazırda ciddi məhsul çatışmazlığı mövcuddur və onlar yalnız dövriyyəsi yüksək olan müştərilərlə işləyə bilirlər. Kiçik müştərilərin tələbatını qarşılamaq isə getdikcə çətinləşir.

Əvvəllər təxminən 1000 dollara alınan xammal hazırda 2000 dollardan da baha qiymətə əldə olunur. Yəni qiymətlərdə 100 faizdən çox artım qeydə alınıb. Bu da son məhsulun qiymətinə birbaşa təsir göstərir”.

Ekspertin sözlərinə görə, bəzi istehsalçılar qiymət artımını mərhələli şəkildə tətbiq edirlər:

"Bəzi istehsalçılar əvvəlcə 15 faiz, daha sonra isə 20 faiz qiymət artımı edirlər. Lakin ümumi bahalaşma artıq 50 faizi keçib. Həmin 15-20 faizlik artımlar sadəcə ilkin mərhələ idi.

Bu gün Avropadan idxal olunan yağların maya dəyəri əhəmiyyətli dərəcədə yüksəlib. Şərti olaraq desək, əvvəllər sahibkar həmin məhsulu almaq üçün 10 min manat ödəyirdisə, indi təxminən 20 min manat xərcləməli olur. Yəni məhsul demək olar ki, iki dəfə baha başa gəlir.

Bununla belə, bəzi sahibkarların əvvəlcədən topladıqları ehtiyatlar hələ tükənmədiyindən onlar qiymətləri tam şəkildə artırmayıblar. Bu da istehlakçılar arasında suallar yaradır. Müştərilər düşünürlər ki, əgər qiymətlər bahalaşıbsa, niyə bütün satış nöqtələrində eyni səviyyədə artım müşahidə olunmur.

Ancaq Almaniya, Fransa və digər Avropa ölkələrində eyni məhsulların qiymətlərinə baxdıqda, artımın artıq tam şəkildə tətbiq edildiyini görmək mümkündür. Həmin bazarlarda qiymətlər mərhələli deyil, bazar şərtlərinə uyğun olaraq birbaşa dəyişdirilib”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR