Oğuz rayonunda canına qəsd edən kişini ölümə sürükləyən sirr açılır. Bir neçə gün əvvəl həyətində tut ağacından özünü asan 53 yaşlı Məhəmməd Hüseynovun özünə qəsd etməsində ilkin olaraq övlad yanğısı göstərilsə də, əslində onun həyatını yandıran başqa məsələ olub.
M.Hüseynovun intihara əl atmasına səbəb kimi 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşməsi göstərilsə də, Milli.Az-a daxil olan məlumat bunun tam əksini deyir.
Mərhumun yaxınları redaksiyamıza məlumat veriblər ki, M.Hüseynovun ölümündə bəzi məlumatlar gizlədilib. Sən demə, M.Hüseynovu həyatdan küsdürən Beynəlxalq bankın Oğuz filialının rəhbərliyinin təzyiqləridir. Onun filial müdiri olan Cavid adlı şəxsin təzyiqlərinə məruz qaldığı iddia olunur.
M.Hüseynov ölümündən qabaq məktub da yazaraq qoyub. Anar adlı oxucu həmin məktubun məzmununu Milli.Az-a yazıb:
"Məktubu özüm aşkarlamışam. Məktub morqda cibindən tapılıb. Məktubda yazılmışdı ki, intihar etməyimə əsas səbəbkar Beynəlxalq bankın Oğuz şöbəsinin müdiri Cavid İsayev olub. Cavid İsayev mərhuma qarşı təhdid və hədə-qorxu gələrək kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb edib, əks halda onu həbs etdirəcəyini deyib. Həmçinin onu hər kəsin yanında təhqir edərək qanunsuzluqlara yol verib".
Məsələ ilə bağlı yenə də Oğuz Rayon Prokurorluğundan məlumat əldə etmək cəhdlərimiz nəticə vermədi. İşi araşdıran Mətanət adlı müstəntiq telefon zənglərimizə cavab vermədi.