Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatlarının haqqında geniş informasiyalar, dərmanların içlikləri, şəkilləri, satış qiymətləri, qeydiyyat tarixini əhatə edən məlumatların elektronlaşmasına başlanıb. Dərmanların elektron kataloqu dermaninfo.az adlı yeni xəbər portalına yüklənir.
Bu barədə AZXEBER.COM-a portalının rəhbəri və təşkilatçısı tibbi jurnalist Ramil Nəcəfli məlumat verib.
O, elektron dərman kataloqu üzərində bu ilin may ayından iş aparıldığını bildirib:
“Bu vaxta qədər Azərbaycanda dərmanların elektron kataloqunun olmaması acınacaqlı haldır. İnsanlar satışda olan dərmanlar haqda bilgi əldə edə bilmir. Apteklərdə və ya pərakəndə şəbəkələrdə çox dərmanlar satılır. Lakin bu dərmanın qanuni qeydiyyatda olub olmaması, orijinal və ya saxta üsulla istehsal edilməməsi barədə bilgi əldə etmək çox çətindir. Dərman kataloqunun hazırlanması “Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununnun” tələbidir”.
Elektron kataloqun Azərbaycan dilində olmasını vurğulayan Ramil Nəcəfli təəssüflə bildirib ki, sayta dərmanların haqqında Azərbaycanca informasiyaların yüklənməsi prosesində çətinliklər də var:
“Bildiyiniz kimi dərman vasitələrinin içliklərinin 2012-ci il İyul ayının 1-ə qədər milli dildə olması barədə Səhiyyə Nazirliyinin qərarı da var. Lakin hələ xeyli sayda dərman preparatlarının içlikləri Azərbaycan dilinə tərcümə edilməyib. Ona görə də dərman şirkətləri və Səhiyyə Nazirliyi tərəfindən lazımi məlumatları tədricən almaqdayıq. Əksər firmalara müraciət etmişik. Yüklənmələr oktyabr ayından başlanıb. Hesab edirik ki, artıq 2012-ci ilin sonunda rəsmi qeydiyyatdan keçən 3700-ə yaxın dərman preparatı barədə hər cür bilgiləri əldə etmək dermaninfo.az-ın sayəsində mümkün olacaq”.
R.Nəcəfli bildirib ki, saytda ərzaq təhlükəsizliyi, qida əlavələri, tapılmayan dərmanlar, kosmetik vasitələr, müalicə standarları, əczaçılıq sektoru barədə ən son yeniliklər, dünyada və Azərbaycanda qadağan olunmuş dərmanlar öz əksini tapacaq. İstehlahçıların harda, necə, hansı yollarla aldadılması, satış şəbəkələrində dövlət qurumlarının və ictimaiyyətin gözündən yayınan faktları əhatə edən araşdırmalar da öz əksini tapacaq.