Abşeronda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Quşçuluq massivi, Heydər Əliyev prospektində yerləşən dayanacaqlardan birində qeydə alınıb. Belə ki, 43 yaşlı Axundova Firəngiz Bəşir qızı səhər işə gedərkən həyat yoldaşı Əzizov Əkbər Qulu oğlu tərəfindən bıçaqlanıb. Əkbər cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. 11 bıçaq zərbəsi alan Firəngiz isə çətinliklə də olsa özünü qonşulardan birinin evinə çatdırıb və elə oradaca huşunu itirərək yerə yıxılıb. Həmin ünvanda yaşayan sakinlər tərəfindən Firəngiz təcili olaraq xəstəxanaya çatdırılıb. Onun üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Zərərçəkənin qohumu deyir ki, Əkbər həbsxanadan bu il çıxıb. Elə azadlığa buraxıldığı gündən Firəngizi “səni öldürəcəm” deyə hədələyirmiş. Zərərçəkənin qohumu Bəşir Axundov, ANS-ə açıqlamasında bunları deyib: “Əkbər uşaqlarını da hədələyib. Deyib ki, öldürəcək. Sovetskidə nənəmin evini də yandırıb. Kirayə qaldığı evi də yandırıb. Deyib ki, sən harda qalsan yandıracam, öldürəcəm”. Firəngizlə Əkbər rəsmi nigahda olsalar da, 3 aya yaxın bir müddətdə ayrı yaşayırlarmış. Ailənin bu nigahdan 2 övladı var. Hadisəni törədən Əkbər Əzizovun tutularaq istintaqa cəlb olunması üçün Abşeron polisi axtarışlarını davam etdirir. Vəziyyəti ağır olan zərərçəkəni də hələlik dindirmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.