Vikipediya Azərbaycan qrupu tərəfindən 10 Mart tarixində Bakıda I Milli Vikipediya Forumu keçirilib.
AZXEBER.COM xəbər verir ki, ölkənin ən tanınmış Vikipediya mütəxəssisləri, QHT nümayəndələri, gənc alimlər və bu sahəyə marağı olan gənclərin iştirak etdiyi Forumun məqsədi Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsi və gələcək fəaliyyət üçün baxışın və təkliflər paketinin formalaşdırılmasından ibarət idi.
120 nəfər iştirakçının qatıldığı Forumun ilk paneli “Azərbaycandilli Vikipediyanın inkişaf dinamikası” mövzusu ilə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatorluğu ilə başladı.İlk panelin spikeri Millət vəkili, Vikipediaya idarəçisi Aydın Mirzəzadə Azərbaycanda Vikipediyanın inkişaf tarixi, istifadəçi və məqalələrin sayı haqda geniş məlumat verdi. Daha sonra Vikipediyanın inkişafı və kütləviləşdirilməsi ilə bağlı təkliflərini səsləndirən qonaq, Azərbaycanın xarici dillərdə fəaliyyət göstərən onlayn ensiklopediyalarda fəallığının artırılmasının vacibliyini vurğuladı.
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı Vikipedianın dünyanın fantastik layihələrindən biri olduğunu, onun yol göstərdiyini, müraciət olunan ilk məlumat mənbəsi olduğunu xatırlatdı. Elmi tədqiqatların aparılmasında Vikipediyanın rolundan danışan ekspert, Vikipediayanın təhsil sisteminə inteqrasiyasının önəmini qeyd etdi.
Daha sonra çıxış edən Vikipediya idarəçisi İradə Ələkbərova “Vikipediya ensiklopediyası” haqda təqdimatla çıxış etdi. Vikipediyanın tarixi, inkişafı, gündəlik həyatımızdakı rolu haqda geniş məlumat verdi. Bu qədər iri həcmli kontentdən istifadə etməklə əldə olunan biliklərə diqqət çəkdi. Reallıqda azərbaycan dilində yazılan məqalələrin sayı erməni dilində olan məqalələrdən geri qaldığını təəssüflə qeyd etdi.
Panelin sonuncu spikeri sosial media eksperti Rasim Mahmudov Azərbaycan cəmiyyətinin potensialı hazırki nəticədən daha yüksəyini əldə etməyə imkan verdiyini, Vikipediya yazarlarının daha təşkilatlanmış formada fəaliyyətə ehtiyacı olduğunu vurğuladı.
Qonaqların çıxışından sonra panel müzakirələrlə davam etdi. Forum işirakçılarının çoxsaylı suallarını cavablandıran ekspertlər, eyni zamanda iştirakçılar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirdilər.
Forumun ikinci paneli “Azərbaycandilli Vikipediyada mövcud problemlər və onların həlli yolları” mövzusu müzakirə edildi. Panelə moderatorluğu Vikipedia idarəçisi İradə Ələkbərova həyata keçirtdi.
Vikimediya Azərbaycan təmsilşisi Orxan Quliyev çıxışında Vikimedianın inkişafı üçün təşkilatlanmanın vacib olduğunu vurğuladı və bu sahədə könüllülərə böyük ehtiyacın olduğunu diqqətə çatdırdı. “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı Könüllülərin bu işə cəlb olunmasını, xüsusilə universitetlərin bu işdə təşəbbüs göstərməli olduğunu bildirdi, Azərbaycan həqiqətlərinin yayılmasında gənclər potensialından tam şəkildə istifadənin vacibliyini vurğuladı. Panelin son spikeri Vikipediaya idarəçisi Elgün Ataliyev özünün bu şəbəkə vasitəsilə əldə etdiklərini, onun xeyirlərindən söhbət açdı. İstifadəçisi olduğu müddətdə qarşılaşdığı problemləri və bu gün Azərbaycanda inkişafı üçün görüləcək işlərdən danışdı.
Sonda panel Forum iştirakçıları tərəfindən səsləndirilən təkliflər və qabardılan məsələlərin müzakirəsi ilə davam etdi.
Forumun sonunda bütün çıxışlar və müzakirələrin yekunu olaraq toplanmış 100-dən artıq təklif səsləndirildi. Forum təşkilatçıları yaradılacaq işçi qrupu tərəfindən təkliflərin işlənilməsi və gələcək fəaliyyət üçün planın hazırlanması qərarını qəbul etdilər. Sonda xatirə fotusu çəkdirildi və I Milli Vikipediya Forumu bağlı elan edildi.